...

Bakıda bir qrup dindarın keçirdiyi yürüş cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edir - Dövlət Komitəsi

Cəmiyyət Materials 15 Fevral 2010 17:06 (UTC +04:00)
"İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhdidir", - Dövlət Komitəsinin mətbuat xidmətindən Trend News-a daxil olan məlumatda bildirilir.
Bakıda bir qrup dindarın keçirdiyi yürüş cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edir - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bir qrup dindarın keçirdiyi yürüşü cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhd kimi qiymətləndirib.

"İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhdidir", - Dövlət Komitəsinin mətbuat xidmətindən Trend -a daxil olan məlumatda bildirilir.

Fevralın 13-də saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidində ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılmış şüarlar və əvvəlcədən hazırlanmış gül çələngi ilə icra hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi H.Hacıyev küçəsi ilə Şəhidlər Xiyabını istiqamətində qanunsuz yürüş etməyə cəhd göstəriblər.
Aksiya iştirakçıları polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, N.Nərimanov küçəsində nəqliyyatın normal fəaliyyətinə mane olub, xidməti vəzifələrini yerinə yetirən Yasamal və Səbail Rayon Polis İdarələrinin əməkdaşlarını daş və əllərində olan şüarların ağac hissəsi ilə vuraraq hakimiyyət numayəndələrinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər.

Komitə hesab edir ki, müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir.

"Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb", - Dövlət Komitəsindən bildirilib.

Komitə bəyan edir ki, respublikamızda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin bazar günü yaydığı birgə məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində icazəsiz yürüş keçirmək istəyən və hakimiyyət nümayəndələrinə zor tətbiq edən dörd nəfər Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində saxlanılıb, yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati həbs seçilib, beş nəfər inzibati qaydada cərimələnmiş, iki nəfərə isə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti