...

Rumıniyada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 1 Aprel 2010 18:12 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Heydər Əliyev Fondu – Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, iran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilib.
Rumıniyada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Heydər Əliyev Fondu - Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildiriblər.

Tədbirdə azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda törədilmiş vəhşiliklər, 275 kəndin dağıdılması, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd olunub, Qubada 122 kənd, Dağlıq Qarabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211 kənd və Qars vilayətində 92 kəndin dağıdıldığı vurğulanıb. Bundan başqa, 1918-1920-ci illərdəki repressiya zamanı indiki Ermənistanda yaşayan 575 min azərbaycanlıdan 565 mininin qovulduğu və öldürüldüyü nəzərə çatdırılıb.

Çıxış edənlər 1948-1953-cü illərdəki deportasiyadan söhbət açaraq, 1946-47-ci illərdə Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan, Fələstindən, Fransadan, ABŞ-dan, Misirdən, İraqdan və Rumıniyadan 86 300 erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948-50-ci illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100 min azərbaycanlının öz yaşayış yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat veriblər.

Yığıncaqda çıxış edən natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələrdən danışaraq, Ermənistanın işğalçılıq siyasəti, 26 fevral 1992-ci il tarixində Xocalı faciəsi, 2 aprel 1993-cü il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın mahiyyət etibarı ilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret faktlarla tədbir iştirakçılarını məlumatlandırıblar.

Qeyd olunub ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırım Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir.

Azərbaycanlıların soyqırımının qurbanları birdəqiqəlik sükutla yad edilib.

Sonra azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən fotoguşə iştirakçılara nümayiş etdirilib.

Həmçinin, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış geniş press-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərə də göndərilib.

Xəbər lenti

Xəbər lenti