...

Azərbaycan Ali Məhkəməsinin qərarını saxtalaşdırmaqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 8 Aprel 2010 12:31 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Ali Məhkəmənin qərarını saxtalaşdırmaqda təqsirləndirilən "AzPak Kompanen" şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov, həmin şirkətin əməkdaşları Füzuli Orucov və Kənan Qafarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycan Ali Məhkəməsinin qərarını saxtalaşdırmaqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, muxbir H.Bağırov/

Azərbaycanda məhkəmə qərarını saxtalaşdırmaqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə MəhkəməAli Məhkəmənin qərarını saxtalaşdırmaqda təqsirləndirilən "AzPak Kompanen" şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov, həmin şirkətin əməkdaşları Füzuli Orucov və Kənan Qafarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2008-ci il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Hasan Tarım Yakupa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda (263.3) maddəsi ilə təyin olunan azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il müəyyən olunub.

Ali Məhkəmənin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının 09 iyun 2009-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin qeyd edilən qərarının surəti məhkumun cəza çəkdiyi müəssisəyə göndərilib.

Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 sayı Cəzaçəkmə Müəssisəsindən 24 avqust 2009-cu il tarixdə Ali Məhkəməyə daxil olmuş şifahi məlumatla müəyyən olunub ki, məhkum Hasan Tarım Yakupun barəsində 9 iyun 2009-cu il tarixli qərarın olmasına baxmayaraq, müəssisəyə onun cəzasının Ali Məhkəmənin 17 iyul 2009-cu il tarixli qərarı ilə dəyişdirilərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə əlavə qərar təqdim edilib.

Bununla əlaqədar dərhal cəzaçəkmə müəssisəsinin rəhbərliyinə 17 iyul 2009-cu il tarixli qərarın saxta olması barədə məlumat verilib.

Bu məlumatdan sonra Yakup müəssisədən buraxılmayıb.

Saxta sənəd Ali Məhkəmə tərəfindən araşdırılıb və hüquqi qiymət verilməsi üçün 25 avqust 2009-cu il tarixdə Baş Prokurorluğa göndərilib. Baş prokurorun 26 avqust 2009-cu il tarixli qərarı ilə Ali Məhkəmənin 9 iyun 2009-cu il tarixli qərarının saxtalaşdırılması faktı üzrə CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə həvalə olunub.

İbtidai istintaq zamanı müəyyən edilib ki, "AzPak Kompanen" şirkətində icraçı-direktor vəzifəsində işləyən Kənan Şərifov və digər təqsirləndirilən şəxslər tərəfindən Ali Məhkəmənin 9 iyun 2009-cu il tarixli qərarı saxtalaşdırılaraq, məzmununa məhkum Hasan Tarım Yakupa cəzasının yüngülləşdirilərək, guya onun 3 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunması barədə yalan məlumatlar daxil edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dələduzluq (178), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlma, satma və ya saxta sənədlərdən istifadə etmə (320) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti