...

Azərbaycanda polis zabitlərinin qətlində təqsirli bilinən şəxsə 15 il cəza verilib

Cəmiyyət Materials 12 Aprel 2010 16:19 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.
Azərbaycanda polis zabitlərinin qətlində təqsirli bilinən şəxsə 15 il cəza verilib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda polis zabitlərinin qətlində təqsirli bilinən şəxsin məhkəməsi yekunlaşıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməBakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Həsənov cəzasının 7 ilini həbsxana rejimində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir.

Müəyyən edilib ki, 2006-cı ildə Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, əvvəllər məhkum olunmuş Həsən Əzimov, İlham Quliyev, Sahib Həsənov və başqaları tərəfindən saxlanılıb.

Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu öldürüb, Həsən Əzimovu və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1, 120.2.3, 120.2.10, 120.2.10), quldurluq (181), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti