...

Şikayətlərin böyük qismi mülki, mənzil, ailə və vergi münasibətlərindən irəli gələn mübahisələrlə əlaqədardır - Azərbaycan Konstitusiya Məhkəməsi

Cəmiyyət Materials 19 Aprel 2010 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Konstitusiya Məhkəməsinə bu ilin birinci rübündə məhkəmə aktlarından daxil olan şikayətlərin böyük qismi mülki, mənzil, ailə və vergi münasibətlərindən irəli gələn mübahisələrlə əlaqədardır.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlıumata görə, bu ilin ilk üç ayında məhkəməyə məhkəmə aktlarından 151 şikayət daxil olub.

Hesabat dövründə KM-yə ümumilikdə 533 ərizə və şikayət daxil olub.

Məhkəmə aktlarından verilən şikayətlər üzrə 99 qərardad qəbul edilib.

52 şikayət üzrə KM-nin palatalarında icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi məsələsinin müzakirəsi davam edir.

Vətəndaşların KM-yə müraciətləri isə müxtəlif rayonlarda icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahələrinin düzgün bölünməməsi və bu sahədə olan vəzifədən sui-istifadə halları, əmək və məzuniyyət haqlarını ala bilməməsi, təqaüdlərin düzgün hesablanmaması, icra hakimiyyəti orqanlarının, xüsusən də hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sahələri əhatə edir.

KM-dən bildirilib ki, ərizə və şikayətlərdə yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, həmçinin, vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi barədə məlumat verilir.

Bu məsələlərlə bağlı KM-yə daxil olan 125 ərizə və şikayət məhkəmənin səlahiyyətinə aid olmadığı üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.

257 ərizə və şikayət üzrə isə vətəndaşlara KM-nin səlahiyyətləri izah edilməklə, ərizədə göstərilən məsələ ilə bağlı müvafiq dövlət orqanlarına və ya ümumi yurisdiksiyalı məhkəmələrə müraciət edilməsi barədə cavab məktubu göndərilib.

Xəbər lenti

Xəbər lenti