Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda 42 dövlət orqanı üzrə 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı aprelin 30-da keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan Azərbaycanda ilk dəfə olaraq, kompüter vasitəsilə keçiriləcək. Bununla bağlı komissiya tərəfindən "Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi"nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - "Test imtahanı" sistemi hazırlanıb.
Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək.
Yeni qaydalara əsasən inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Test imtahanında ilk olaraq inzibati vəzifələrin altıncı-yeddinci, sonra isə səkkizinci-doqquzuncu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edəcəklər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılacaq.
Müsabiqədə iştirak etmək üçün komissiyada 4111 namizəd qeydə alınmışdır. Onlardan 966-sı (23,50%) qadın, 3145-i (76,50%) isə kişidir.
Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. Qeydə alınan namizədlərdən 2323-ü inzibati vəzifələrin altıncı, 333-ü inzibati vəzifələrin yeddinci, 19-u inzibati vəzifələrin səkkizinci, 1436-sı isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı- doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır.