Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanın bir sıra regionlarında yanacaqdoldurma məntəqələrinə silahlı basqınlar etməkdə ittiham olunan mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend-ə verilən məlumata görə, yanacaqdolduqma məntəqələrinə silahlı basqınlar etməkdə və qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakinləri - 1981-ci il təvəllüdlü Mətləb Əjdər oğlu Babayev, 1984-cü il təvəllüdlü Eşqin Rafiq oğlu Məmmədov, 1984-cü il təvəllüdlü Fariz Novruz oğlu Quliyev və 1985-ci il təvəllüdlü İmamyar Vaqif oğlu Əliyarovun cinayət işi məhkəmənin hakimi Tamella Nəsrullayevanın icraatına verilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda və eləcə də ölkənin bir sıra regionlarında yanacaqdoldurma məntəqələrinə basqın edərək quldurluq yolu ilə külli miqdarda pul mənimsəyən dəstə üzvləri 2009-cu il iyulun 29-da həbs ediliblər.
Mütəşəkkil dəstə üzvlərinin Hacıqabul, Salyan, Kürdəmir, Bərdə, Yevlax və Bakı şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinə silahlı basqınlar edərək külli miqdarda pul mənimsədiyi məlum olub.
Dəstə üzvləri ötən ilin aprelində Bərdə rayonunun Lək kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə etdikləri silahlı basqın nəticəsində yanacaqdoldurma məntəqəsinin işçisi, 1992-ci il təvəllüdlü Alim Loğman oğlu Əliyevi qətlə yetirərək məntəqənin kassasından külli miqdarda pul götürərək hadisə yerindən qaçıblar.
Bundan başqa, dəstə üzvlərinin bir neçə avtomobildən də oğurluq etmələri istintaq yolu ilə müəyyənləşdirilib.
Təqsirləndirilən şəxslər 18 epizodda quldurluq, 2 epizodda oğurluq, 1 epizodda isə qəsdən adam öldürməkdə təqsirli bilinirlər.
Təqsirləndirilənlər Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə (120.2.3), tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adamöldürmə (120.2.5), quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə (120.2.11), özgənin əmlakını gizli yolla talama (172.2), yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək (181.2.3), mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək (181.3.1) maddələri ilə ittiham edilirlər.