Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanda xaricdə təhsil alan tələbələrin təbliğat şəbəkəsi fəaliyyət göstərəcək.
"Azərbaycan Tələbələr Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi" adlı layihənin icrasına başlayıb", - cümə axşamı Trend-ə birliyin mətbuat xidmətindən bildirilib.
Layihənin əsas məqsədi xaricdə oxuyan azərbaycanlı tələbələr vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. "Bu məqsədə nail olmaq üçün xaricdə oxuyan azərbaycanlı tələbələrdən ibarət şəbəkə formalaşdırılmalı və bütün fəaliyyət bu şəbəkə vasitəsilə həyata keçirilməlidir. Layihə çərçivəsində Azərbaycan haqqında təbliğat materiallarının çoxaldılması, həmin materialların xarici dillərə tərcümə edilməsi, xaricdəki tələbələrimizin həyata keçirmək istədikləri müxtəlif tədbirlərin dəstəklənməsi nəzərdə tutulur", - məlumatda vurğulanır.
Azərbaycan Tələbələr Birliyi bu cür fəaliyyətlərlə həm Avropada, həm də dünyada Azərbaycanın diaspor işinin qurulmasına yardımçı olmaq niyyətindədir.