...

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına baxış keçiriblər

Cəmiyyət Materials 18 May 2010 20:21 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) qrupunun üzvləri ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baxış keçiriblər.
Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına baxış keçiriblər

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) qrupunun üzvləri ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baxış keçiriblər. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.

Aparatın əməkdaşları burada saxlanılan 26 şəxslə görüşərək söhbət aparıb, onlara hüquqlarını və ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Onlar əsasən barələrində çıxarılmış məhkəmə hökmündən, istintaqın qeyri-obyektiv aparılmasından, Cinayət Məcəlləsinin müvafiq maddəsinin onlara düzgün tövsif edilməməsindən və başqa hallardan şikayət ediblər.

İki şəxs isə tutularkən zorakılığa məruz qaldıqlarını bildirib. Bu məsələ ilə əlaqədar ombudsman baş prokurora müraciət edib.

Həmçinin Yasamal rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti Saxlama Təcridxanasına (MST), həmin idarənin 29, Qaradağ RPİ-nin 38 və Binəqədi RPİ-nin 4-cü polis bölmələrinə də baxış keçirilib. MPM qrupunun üzvləri həmin bölmələrdə saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, pozuntu halları müəyyən edilməyib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti