...

Azərbaycanda media problemlərinin aradan qaldırılmasında ictimai fəallıq artırılmalıdır – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 26 May 2010 17:09 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri hesab edir ki, medianın problemlərinin həlli üçün geniş müzakirələr aparılmalıdır.
Azərbaycanda media problemlərinin aradan qaldırılmasında ictimai fəallıq artırılmalıdır – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurasının sədri hesab edir ki, medianın problemlərinin həlli üçün geniş müzakirələr aparılmalıdır.

"Azərbaycanda media problemlərinin aradan qaldırılmasında ictimai fəallığın artırılması vacibdir. Bu isə mövcud istiqamətdə fikir mübadilələrinin, geniş müzakirələrin təşkilini, nəticələrin ümumiləşdirilərək cəmiyyətə və kütləvi informasiya vasitələrinə çatdırılmasını zəruriləşdirir", - Trend-in məlumatına görə, çərşənbə günü "KİV-lərin ilk mənbədən məlumat alma imkanları" mövzusunda keçirilən "dəyirmi masa"da Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşovun sözlərinə görə, elə fəaliyyət aparılmalıdır ki, istər media vasitələri, istərsə də ictimaiyyətin müxtəlif təbəqələri medianın problemlərini, eləcə də onların doğurduğu ayrı-ayrı məqamları daim diqqət mərkəzində saxlasın, həmin çətinliklərin aradan qaldırılmasına yönələn təşəbbüslərdə tənəffüslər yaranmasın, meydana çıxan yeni tendensiyalar, nəzərəçarpan dəyişikliklər izlənilərək onlara operativ reaksiya göstərilsin. "Layihənin strateji xətti bu məsələlərin həyata keçirilməsinə yönəlib. Layihənin icrası nəticəsində mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyillərın, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin və geniş rəy formalaşdırmaq, nəhayət bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmaq nəzərdə tutulur", - Şura sədri əlavə edib.

"Dəyirmi masa"da məruzəçi qismində çıxış edən Bakı Dövlət Universitetinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli deyib ki, informasiya, daha dəqiq desək, ilk mənbədən informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini müəyyənləşdirən başlıca faktordur. "Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, həm də müstəqil ölkələrdə inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir", - Məmmədli vurğulayıb.

Tədbir Mətbuat Şurasının Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Media problemlərinin müzakirəsi jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi" layihəsi çərçivəsində keçirilib.

Xəbər lenti

Xəbər lenti