RED. əlav.: üçüncü abzasdan sonra əlavə olunub
Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/
Bakını çirkli şəhər adlandıranlara buraya səfər etməyi təklif edirəm. Bunu cümə axşamı jurnalistlərə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa bürosunun direktoru Kristof Büvye deyib.
Büro direktoru Bakının çirkli olması ilə razılaşmadığını bildirərək deyib ki, bu şəhərin inkişafı göz önündədir. "Mən özüm burada həyata keçirilən bir çox tədbirlərin şahidi olmuşam", - o deyib.
Büvye bildirib ki, BMT-nin Ətraf Mühit Proqramı ekologiya ilə bağlı hesabat hazırlayır. "Bu hesabatda Azərbaycan ön yerlərdədir və ölkədəki yeniliklər öz əksini tapıb. Hesabat təxminən bir aydan sonra ictimaiyyətə təqdim olunacaq", - o bildirib.
Büvye hesab edir ki, Bakını çirkli şəhər adlandırmaqla ictimaiyyət içərisində çaşqınlıq yaratmaq niyyətindədirlər. "Elə reytinq tərtib edənlər əvvəlcə öz şəhərlərinə baxsınlar", - Büvye deyib.
Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ekologiya sahəsində böyük işlər görülüb.