...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb

Cəmiyyət Materials 22 İyul 2010 10:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc edib.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc edib. Bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
- I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qruplar üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər;

- II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər;

- III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən və müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisaslarını da göstərə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 15-dək ixtisas kodunu seçir və onları www.tqdk.gov.az/ali2010/pageparol.aspx internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla "Abituriyent" jurnalının 5-ci sayında tanış olmaq olar.

Xəbər lenti

Xəbər lenti