...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Cəmiyyət Materials 26 Avqust 2010 11:01 (UTC +04:00)
Azərbaycanda 2010-cu ilin ilk altı ayı ərzində 1 371 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilib
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanda 2010-cu ilin ilk altı ayı ərzində 1 371 hektar sahədə meşə əkini və səpin işləri həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, bu barədə nazirlikdə keçirilən 2010-cu ilin birinci yarımilində görülmüş işlər, qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Onun sözlərinə görə, meşə əkinlərinin becərilməsi məqsədilə ilk altı ay ərzində 14 459 hektar sahədə xidmət, 11 970 hektar sahədə suvarma işləri aparılıb; müxtəlif ağac və kol cinslərindən 10 099 kiloqram toxum tədarük edilib.

Kollegiya iclasında üç məsələ - ətraf mühitin mühafizəsi, meşələrin inkişafı və bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentlərinin və onların tabeli qurumları üzrə 2010-cu ilin birinci yarımilliyinin yekunları, qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb.

Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində "Dövlət Təbiət Yasaqlığı"nın yaradılması ilə bağlı işlər aparılır; Almaniya federal hökumətinin dəstəyi ilə "Qafqaz Təşəbbüsü" Proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkı layihəsi ilə əlaqədar tender vasitəsilə icraçı-şirkət müəyyən edilərək fəaliyyətə başlanılıb.

Bunlardan əlavə, ölkə ərazisində ilk dəfə olaraq, ceyranların tarixi ərazilərinə reintroduksiya edilməsi məqsədilə, layihə ilə əlaqədar, təşkilati işlərin başa çatdırıldığı və ilin sonuna qədər ceyranların bir hissəsinin reintroduksiya ərazilərinə köçürülməsinin planlaşdırıldığı kollegiya
iştirakçılarının nəzərinə çatdırılıb.

İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən də danışılmış, həmçinin, nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilmiş, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Kollegiyada çıxış edən nazir Hüseynqulu Bağırov ölkə Prezidenti İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühit və ekoloji tarazılığın qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də dövlət başçısı tərəfindən 2010-cu ilin  ölkəmizdə "Ekologiya İli" elan edilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti