Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycan Təhsil Nazirliyi 2010/2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin bəzi dərs vəsaitlərinə dəyişikliklər edib. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.
Onun sözlərinə görə, "İnformatika", "Ən yeni tarix", "Coğrafiya" və 11-ci siniflər üçün "Konstitusiya" dərsliklərinə, eləcə də 8-ci siniflər üçün "Rəsmxətt" dərsliklərinə dəyişikliklər edilib.
"Cari ildə yeni kurikulumlar əsasında 3-cü siniflər üçün dərsliklər də yenilənib", - Şahbazlı bildirib.
Onun sözlərinə görə, sentyabrın 10-dək Azərbaycanın bütün məktəbləri dərsliklərlə təmin ediləcək.
Şahbazlının sözlərinə görə, bu il Azərbaycanda 115 adda dərs vəsaiti nəşr edilib. Halbuki əvvəlcədən 111 vəsait planlaşdırılmışdı.