...

Bakı nikah evi nikahdan öncə məcburi tibbi müayinədən keçirilməni vacib sayır

Cəmiyyət Materials 1 Noyabr 2010 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı nikah evinin müdiri hesab edir ki, ailə quranlar nikahdan öncə məcburi tibbi müayinədən keçməlidirlər.

Bakı nikah evinin müdiri Həqiqət Səlimova bazar ertəsi Trend-ə bildirib ki, bir neçə il öncə bu məqsədlə Səhiyyə Nazirliyinə müraciət edərək Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanlarında nikaha girənlərin tibbi müayinəsinin aparılması üçün xüsusi otaqların ayrılması, yaxud da bu məqsədlə xüsusi klinikanın yaradılmasını təklif edib.

"Elə analizlər var ki, onların cavablarını qısa müddətdə almaq mümkündür. Vətəndaşlar nikah üçün müraciət etdikdə, hər iki tərəf bu analizləri verməklə onlarda hansısa yolxucu xəstəliklərin olub-olmadığını, qan uyğunsuzluğunu müəyyənləşdirmək olar", - Səlimova deyib.

Bu məsələdə məsuliyyəti VVAQ orqanlarının üzərinə qoyulmasını düzgün hesab etməyən Səlimovanın sözlərinə görə, Səhiyyə Nazirliyi və nikaha girənlər bu işdə maraqlı olmalıdırlar.

"Bizim məcburən nəsə etməyə, kimisə tibbi müayinəyə göndərməyə səlahiyyətimiz yoxdur. Lakin nikaha girənlərin tibbi müayinədən keçirilməsi vacibdir. Hesab edirəm ki, tibbi müayinədən keçməyin məcburi olması barədə qanunvericiliyə dəyişiklik edilməlidir", - Səlimova vurğulayıb.

Təcrübədə nikaha girənlərin tibbi müayinədən keçməsi ilə bağlı arayışların nikah bağlanan zamanı VVAQ orqanlarına təqdim olunmadığını deyən Səlimovanın sözlərinə görə, tərəflərdən belə bir sənəd istədikdə sərt reaksiya ilə üzləşirlər.

"VVAQ orqanlarında nikaha girənlərə tibbi müayinədən keçmələri məsləhət görüldükdə çox sərt reaksiya verirlər. Xüsusən də qızlar "mən ərə getməməliyəm?" deyə etiraz edirlər. Qan uyğunsuzluğu, QİÇS, Hepatit və digər xəstəliklər geniş yayılıb. Gənclər özləri tibbi müayinədən keçməkdə maraqlı olmalıdırlar. Onlar dərk etməlidirlər ki, başqalarını da bu xəstəliklərə yoluxdura bilərlər, gələcəkdə dünyaya gələcək övladları da xəstə ola bilər. Tibbi müayinədən keçməklə və xəstəlikləri tez aşkarlamaqla biz yaxın ətrafımızı, ailəmizi və cəmiyyətimizi belə xəstəliklərdən qorumuş oluruq", - Səlimova deyib.

Bakı nikah evinin müdiri bu məsələdə əhalinin fikrinin dəyişməsi üçün geniş maarifləndirmə işlərinin aparılmasını vacib sayır.

Bir müddət əvvəl bir qrup millət vəkili, ekspertlər nikaha girənlərin nikahdan öncə tibbi müayinədən keçirilməsinin məcburiləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə çıxış etmişdi.

Xəbər lenti

Xəbər lenti