Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Penitensiar Xidməti 10 saylı cəzaçəkmə müəssisəsində məhkumun özünü yandırması ilə bağlı internetdə və televiziyada yayılan videogörüntüyə aydınlıq gətirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Mehman SadıqovTrend-in sorğusuna cavab olaraq bildirib ki, noyabrın 2-də 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüsaməddin Asif oğlu Abbasov müəssisədə təmir-abadlıq işlərinin aparılmasından, eləcə də müəssisə əməkdaşlarının diqqətinin məhkumların axşam yoxlanmasına yönəlməsindən istifadə edərək, saat 17:10 radələrində yataqxanalardan birinin damına çıxaraq qeyri-qanuni tələblər irəli sürüb və tezliklə məhkəmə qərarı ilə azad edilməsini tələb edib.
Əvvəllər də məhkum olunmuş 1981-ci il təvəllüdlü Abbasov sonuncu dəfə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama) təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sadıqov bildirib ki, məhkuma müəssisə rəhbərliyi tərəfindən cəzadan vaxtından əvvəl azad olunmanın qanunvericiliklə müəyyən edilmiş şərtləri izah olunsa da, bu sözlərə heç bir məhəl qoymayaraq özünü yandırmağa cəhd göstərib.
"Lakin müəssisə əməkdaşlarının səyi nəticəsində məhkum damdan düşürülüb və təcrid edilib. Hadisə zamanı məhkum Abbasov Hüsaməddin Asif oğlunun səhhətinə heç bir zərər dəyməyib", - şöbə rəisi vurğulayıb.
Sadıqovun sözlərinə görə, hadisə ilə bağlı aparılmış araşdırma zamanı müəyyən olunub ki, Abbasova qarşı əvvəlki məhkumluğu dövründə də cəza çəkdiyi müəssisənin daxili intizam qaydalarını qərəzli və kobud şəkildə pozduğuna görə dəfələrlə tənbeh tədbirləri tətbiq olunub.
"Lakin Abbasov verilmiş tənbehlərdən düzgün nəticə çıxarmadığına görə məhkəmənin qərarı ilə Qobustan qəsəbəsində yerləşən həbsxanaya keçirilib. İndiki məhkumluğu dövründə də Hüsaməddin Abbasov saxlanma rejiminin qaydalarını pozduğuna görə dəfələrlə tənbeh tədbirlərinə məruz qalıb. Onun əsas tələbi cəzasının daha yüngül cəza növü ilə əvəz olunmasıdır", - Sadıqov deyib.
Şöbə rəisinin sözlərinə görə, cəzasının daha yüngül cəza ilə əvəzlənməsi üçün Abbasovun ərizəsi və barəsində toplanmış sənədlər aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdi. Bir neçə gündən sonra məsələ ilə bağlı məhkəmə baxışı keçirilməli idi.
"Lakin məhkum Abbasov təzyiq vasitəsi kimi təxribata əl atıb, yaxın adamları vasitəsilə törətmiş olduğu təxribatın mobil telefon vasitəsilə çəkilib montaj edilərək yayılmasına cəhd göstərib. Belə ki, məhkum Abbasov əynindəki qalın qış gödəkçəsini yandıraraq dərhal onu üzərindən çıxarıb və kənara atıb. Bununla belə məhkumun səhhətinə heç bir ziyan dəyməyib və o, heç bir xəsarət almayıb. Təəssüflər olsun ki, məhkum Abbasovun və onun yaxın qohumunun törətdikləri təxribat bəzi kütləvi informasiya vasitələri tərəfindən düzgün işıqlandırılmayıb", - Sadıqov qeyd edib.