Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) intrernet saytında (www.sspf.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğuda respondentlərə "Fərdi uçot sistemində qeydiyyata düşmək üçün nə etmək lazım olduğunu bilirsinizmi?" sualı verilib.
Rəyi soruşulanların böyük əksəriyyəti (71,23 faiz) fərdi uçot sistemində qeydiyyata düşmək üçün nə etmək lazım olduğunu bilib. Sorğuda iştirak edənlərin 18,99 faizi suala "xeyr" cavabını verib. Respondentlərin 9,78 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.
Sığortaedən (işəğötürən) ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF orqanları vasitəsilə rəsmiləşdirir. Bunun üçün sığortaedən işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra 1 ay ərzində sığortaolunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına təqdim etməlidir. Ümumi qaydalara əsasən, ərizələr sığortaolunanlar tərəfindən doldurulmalıdır. Lakin ərizələr müəssisənin kadrlar şöbəsi və ya digər məsul şəxsləri tərəfindən də doldurula bilər.
Bəzi hallarda işə düzəlmək istəyən şəxs əvvəlki iş yerindən sosial sığorta şəhadətnaməsini almadığını bildirir. Belə olan halda həmin şəxs sosial sığorta şəhadətnaməsini almaq üçün əvvəlki sığortaedənin uçotda olduğu DSMF-nin müvafiq rayon və şəhər şöbəsinə müraciət edə bilər.
Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında əmək müqaviləsi tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalıdırlar və əmək müqaviləsi tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. Çünki respublikada işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanma əsasında aparılır. Yəni təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.