...

Azərbaycan stadionlarının süni ot örtüyünün keyfiyyəti artırılır – PFL prezidenti

Cəmiyyət Materials 6 Dekabr 2010 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda futbol meydanlarının süni ot örtüyünün keyfiyyəti artırılır. Bunu Trend-ə bazar ertəsi Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

"UEFA keyfiyyətli olmaq şərti ilə süni ot örtüklü meydançalarda beynəlxalq oyunlar keçirməyə icazə verir. Son zamanlar salınan meydançalar isə ən yüksək keyfiyyət kateqoriyasına aid süni ot örtüyü ilə təchiz olunur", - Musayev bildirib.

Onun sözlərinə görə, Mərdəkandakı "Dalğa" İstirahət Mərkəzinin ərazisində inşa olunan stadion buna misaldır.

Dünyada FİFA və UEFA-nın tövsiyə etdiyi 3-4 süni örtük istehsalçısı müxtəlif kateqoriyalı - uşaq futbolu, həvəskar, qeyri-peşəkar, peşəkar səviyyəli və beynəlxalq dərəcəli oyunlar üçün süni örtük istehsal edir.

PFL sədri bildirib ki, artıq "Şəfa" stadionunun ot örtüyünün də ən keyfiyyətli süni örtüklə əvəzlənməsinə qərar verilib.

Musayev qeyd edib ki, iqlim şəraitinə görə Abşeronda və digər sahilyanı ərazilərdə təbii ot örtüyünün saxlanılması çətin başa gəlir.

"Lənkəranda meydança təbii ot örtüklü olduğundan hər il təmir edilməlidir. Təbii ot örtüyünü yalnız 5-6 ay yaxşı vəziyyətdə saxlamaq olur", - o, bildirib.

Hazırda "Bakı" klubunun bazasında həm süni, həm də təbii ot örtüklü meydança var, "Qəbələ"nin inşa etdirdiyi bazada süni və təbii örtüklü meydançalar olacaq. "Xəzər-Lənkəran" stadionundakı hər iki meydança təbii ot örtüklüdür. "İnter" klubunun balansındakı "Şəfa" stadionu da süni örtüyə malikdir.

Xəbər lenti

Xəbər lenti