Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Baş Prokurorluğu xəstə və ölü heyvan ətlərinin satılması faktı ilə bağlı cinayət işi açıb.
Baş Prokurorluğun mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzaxanov Mirzə Ehtiqat oğluna məxsus obyektdə ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.
Yoxlama zamanı obyektin soyuducusundakı 1847 kiloqram və satış yerində olan 609 kiloqram mal ətinə orqonoleptik baxış keçirilərkən qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyən edilib.
Bununla əlaqədar həmin məhsulların yararlılığının müəyyən edilməsi məqsədilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aparılmış bakterioloji müayinə ilə satış yerindən götürülmüş nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb, eyni zamanda soyuducu və satış yerindən götürülmüş bütün nümunələrin qida üçün yararsız olması, həmçinin ətin xəstə və ya öləndən sonra kəsilmiş mal əti olduğu müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Aparılmış araşdırma zamanı toplanmış materiallarda külli miqdarda ziyan vurmaqla istehlakçıların aldadılması və fiziki şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin əlamətləri müəyyən edildiyindən, faktla bağlı Cinayət Məcəlləsinin 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilib.