Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə - Akif Muradverdiyevin Azərbaycana qarşı işi və Yaqut İsmayılovanın Azərbaycana qarşı işi üzrə qərarını açıqlayıb.
Avropa Məhkəməsinin internet saytının yaydığı məlumata görə, məhkəmə İnsan hüquq və azadlıqları haqqında Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 3-cü bəndi və 6-cı maddənin 2-ci bəndinin (təqsirsizlik prezumpsiyası) pozuntusunu tanıyıb və kompensasiya barədə heç bir tələbin olmadığını bildirib.
Ərizəçi Akif Muradverdiyev Azərbaycan vətəndaşıdır, 1949-cu ildə anadan olub və Bakıda yaşayır. Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Muradverdiyev 2005-ci ilin noyabr ayına planlaşdırıldığı iddia olunan dövlət çevrilişi haqqında məlumatlı olmaqda və dövlət orqanlarına bu barədə məlumat verməməkdə şübhəli bilinərək 2005-ci ilin oktyabrında həbs olunub. Bundan sonra 2006-cı ilin oktyabrında o, digər cinayətlərlə yanaşı, dövlət vəsaitlərini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq 6 il, daha sonra isə azaldılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2008-ci ilin yanvarında azadlığa buraxılıb. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1-ci, 2-ci və 3-cü bəndlərinə əsaslanaraq, həbsinin qanunsuzluğundan və konkret faktlar göstərilmədən barəsində həbs qətimkan tədbirinin həddən artıq uzadılmasından şikayət edib.
Ərizəçi həmçinin şikayət edib ki, ona qarşı açılmış cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarının verdiyi birgə bəyanat 6-cı maddənin 2-ci bəndinə (təqsirsizlik prezumpsiyası) ziddir.
Digər qərar isə İsmayılovanın Azərbaycana qarşı işi üzrə çıxarılacaq qərardır. İş ərizəçinin xeyrinə çıxarılmış qərarın icra olunmaması ilə bağlıdır. Ərizəçi şikayətində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə hüququ), 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddəsinə istinad edib.
Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin, 1 saylı Protokolun 1-ci maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanıyıb və bildirib ki, cavabdeh dövlət 9 iyun 1999-cu il tarixli qərarın icra olunmasının təmin etməlidir. Məhkəmə həmçinin ərizəçiyə dəymiş maddi zərərə görə 7000 avro, mənəvi zərərə görə 4800 avro kompensasiya müəyyən edib.