...

Avropa Şurasının Nazirlər Komitəsi Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icrasından razı qalıb

Cəmiyyət Materials 11 Dekabr 2010 09:00 (UTC +04:00)
Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icrasından razı qalıb. Bunu cümə günü Trend-ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Avropa Şurasının Nazirlər Komitəsi Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icrasından razı qalıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icrasından razı qalıb. Bunu cümə günü Trend-ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

"Nazirlər Komitəsinin noyabrın sonunda keçirilən iclasında Eynulla Fətullayevin işi ilə bağlı qərarın icrası vəziyyəti müzakirə olunub və qərar qəbul edilib. Nazirlər Komitəsi Azərbaycan Ali Məhkəməsinin Plenumunun bu iş üzrə çıxardığı qərarları məmuniyyətlə qəbul edir", - Əsgərov deyib.

Onun sözlərinə görə, Nazirlər Komitəsinin bu işlə bağlı qərarı heç bir tənqidi xarakter daşımır və qərarda qeyd olunur ki, Azərbaycan dövləti tərəfindən bu işlə bağlı görülən tədbirlər Avropa Məhkəməsinin mövqeyinə uyğundur.

Səlahiyyətli nümayəndənin sözlərinə görə, Nazirlər Komitəsi müvafiq dövlət orqanlarına Fətullayev barəsində çıxarılmış həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxmağı tövsiyə edib.

Avropa İnsan Haqları Məhkəməsi bu il aprelin 22-də Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Qərara görə, Fətullayevə Azərbaycan hökuməti tərəfindən 28 min avro təzminat ödənilməlidir.

Ali Məhkəmənin Plenumunun qərarına görə, Fətullayevin Cinayət Məcəlləsinin böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (147.1, 147.2) maddələri ilə məhkum olunmasına dair Ali Məhkəmənin 21 avqust 2007-ci il tarixli qərarı ləğv olunub, həmin maddələr üzrə cinayət işinə xitam verilib.

Digər qərara əsasən, Fətullayevin terrorçuluq (214.1), vergi ödəməkdən yayınma (213.2.2), milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283.2.2) maddələri ilə məhkumluğuna dair Ali Məhkəmənin 3 iyun 2008-ci il qərarının 283.2.2, 214.1-ci hissələri ləğv olunub və həmin hissə üzrə cinayət işinə xitam verilib.

Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təyin edilən 2 il 3 ay müddətinə azadlıqdan məhruetmə cəzası Fətullayevin üzərində qalıb. Lakin Fətullayev cəzasının müddəti 3 iyul 2007-ci ildən hesablanmaqla qəti cəza çəkib qurtardığından, hazırkı iş üzrə həbsdən azad edilib.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmək, milli ədavəti qızışdırmaq və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım azadlıqdan məhrum edilmişdi.

Fətullayev barəsində 2009-cu ilin dekabrında Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddəsi ilə cinayət işi açılmışdı. Bu ittihamla Fətullayev Qaradağ rayon məhkəməsinin hökmü ilə bu il iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Fətullayev bu hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Bu iş üzrə proses davam edir.

Xəbər lenti

Xəbər lenti