Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda həbs, tutma və digər qətimkan tətbirlərinin qanunvericilikdə prosessual məcburiyyət tədbiri kimi qəbul edilməsi qüsurdur. Trend-in məlumatına görə, bunu Ümumməhkəmə Hakimlərinin İctimai Birliyinin şənbə günü keçirilən iclasında Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov bildirib.
"Azərbaycanda həbs, tutma və digər qətimkan tətbirlərinin qanunvericilikdə prosessual məcburiyyət tədbiri kimi qəbul edilməsi qüsurdur. Bu səbəbdən bununla bağlı qanunvericiliyə dəyişiklik etməyə ehtiyac var", - Mahmudov deyib.
Hakimin sözlərinə görə, Avropa Məhkəməsində həbslə bağlı qərarlarda Azərbaycan məhkəmələri tərəfindən qüsurlara yol verildiyi qeyd olunub. Bununla bağlı Azərbaycana qarşı 15 min avro məbləğində cərimə var.
Mahmudov bildirib ki, şəxs barəsində həbs qətimkan tədbiri o zaman seçilməlidir ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstün olsun.
Cinayət-prosessual tədbirlərin tətbiqində yol verilən nöqsanlar barədə danışan hakim deyib ki, cinayətin ağırlığı şəxsin barəsində həbsin seçilməsi üçün əsas ola bilər.
"Həbs qətimkan tədbiri seçilərkən hakimlər qərarlarını əsaslandırmalı və bunun üçün maddi və prosessual əsaslar olmalıdır. Maddi əsas, yəni şəxs barəsində həbs seçilərkən onun əməlini təsdiq edəcək kifayət qədər sübut olmalıdır. Prosessual əsaslar isə şəxsin istintaqdan qaçıb gizlənməsi, yeni cinayət törətməsi, istintaqın gedişinə mane olması, sübutları saxtalaşdırmaq imkanlarının olmasıdır", - hakim əlavə edib.
Mahmudov deyib ki, təcrübədə həbs qərarı seçilərkən hakimlər maddi və prosessual əsasları müəyyən etmirlər, yəni buna əsaslanmırlar.
Şəxs barəsində həbs qətimkan tədbirinin bir neçə dəfə uzadılması ilə bağlı məhkəmə qərarlarına toxunan hakim bildirib ki, həbslə bağlı ilk məhkəmə qərarında olan əsaslar sonrakı qərarlarda da eynilə əsas kimi qəbul edilir. Bu isə Avropa Məhkəməsinin presedentinə ziddir.
Mahmudovun sözlərinə görə, bəzən həbs qətimkan tədbirinin seçilməsi şəxsin öz təhlükəsizliyi baxımından vacibdir, yəni cinayətin qurbanının yaxın qohumları tərəfindən onun həyatı üçün təhlükə yarana bilər.
Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev isə çıxışında deyib ki, peşəkar dini fəaliyyətlə məşğul olan şəxs deputatlığa namizədliyini veribsə və dini fəaliyyətini dayandırıbsa, onun namizədliyi qeydə alınmalıdır.
İbayev buna misal kimi Seyidzadənin Azərbaycana qarşı şikayəti ilə bağlı Avropa Məhkəməsinin qərarından danışıb.
"Avropa Məhkəməsi bununla bağlı qərarında bildirib ki, Azərbaycan qanunvericiliyi qüsurludur. Qərarda vurğulanıb ki, Azərbaycan qanunvericiliyində din xadimi, peşəkar dini fəaliyyətlə məşğul olmaq anlayışlarının mənası dəqiq müəyyən edilməyib", - hakim bildirib.
Onun sözlərinə görə, Seyidzadənin işi ilə bağlı qərar Ali Məhkəmənin plenumunda baxılarkən qərar qəbul edildi və bu anlayışa aydınlıq gətirildi.