...

Azərbaycanda vergi borclarının vaxtında ödənilməməsi bələdiyyələrə büdcə problemi yaradır - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 23 Dekabr 2010 09:30 (UTC +04:00)
Azərbaycanda əhalinin vergi borclarını vaxtında ödəməməsi bələdiyyələrə büdcə problemi yaradır.
Azərbaycanda vergi borclarının vaxtında ödənilməməsi bələdiyyələrə büdcə problemi yaradır - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əhalinin vergi borclarını vaxtında ödəməməsi bələdiyyələrə büdcə problemi yaradır.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə çərşənbə günü Trend-ə bildirib ki, əhali bələdiyyələrə olan vergiləri vaxtında ödəmir.

Səlimzadə qeyd edir ki, bələdiyyələrin əsas gəlir mənbələri məhz vergi və ödənişlər olduğundan, onların vaxtında ödənilməməsi bələdiyyələrin fəaliyyətində ciddi problemlərə səbəb olur.

Bələdiyyələrin əsas problemlərindən birinin onların mülkiyyətlərinin, ərazilərinin sərhədlərinin tam müəyyən edilməməsi olduğunu deyən nazirlik rəsmisi bildirib ki, "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" Əsasnaməyə uyğun olaraq, bu işin təşkili problemin həllinə kömək edəcək.

"Bələdiyyələrin birləşməsindən sonra bəzi bələdiyyələrin sərhədlərinin müəyyən edilməməsi, mülkiyyətləri ilə bağlı problemlərin yaranması əhalinin haqlı narazılığına səbəb olur. Güman edirəm ki, həmin Əsasnamənin qəbulu bələdiyyələrin mülkiyyət hüquqlarının qorunması, əraziləri ilə bağlı problemlərin həllində əhəmiyyətli rol oynayacaq", - Səlimzadə vurğulayıb.

Bələdiyyələrin birləşdirilməsini zəruri sayan Səlimzadə dünya praktikasında bunun çox müsbət nəticələndiyini vurğulayıb.

O, qeyd edib ki, uzunmüddətli təcrübəyə malik deyillər və birləşmə prosesinin özü yenilik olduğundan, bələdiyyələrin birləşdirilməsi və sonrakı mərhələdə işin təşkilində problemlərin olması başadüşüləndir.

"Bu problemlər tənzimlənməlidir. Bu məqsədlə Bələdiyyələrlə İş Mərkəzi birləşmədən sonra yeni bələdiyyələrə işin təşkili ilə bağlı müvafiq tövsiyələr verib, seminarlar təşkil edib. Həmin seminar və müşavirələrdə bələdiyyə sədrlərini bələdiyyələrin, xüsusən yeni yaradılan bələdiyyələrin işinin hansı formada təşkil olunması ilə bağlı məlumatlandırmışıq. İşdə yaranan çətinliklə bağlı bizə müraciət edən olmayıb. Bizə qərarları göndərmirlərsə, düzgün tərtib edə bilmirlərsə, iclasları keçirə bilmirlərsə, maliyyə mənbələrini müəyyənləşməsindən və ondan düzgün istifadə olunmasında problemləri varsa, mütəmadi olaraq onların tənzimlənməsi üçün tövsiyyələr göndəririk", - Səlimzadə deyib.

Səlimzadə Azərbaycanda zəif bələdiyyələrin birləşdirilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Azərbaycanda yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olub. 2008-ci ildə 2757-yə çatıb. Bələdiyyələrin birləşdirilməsi tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu proses nəticəsində 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb.

Xəbər lenti

Xəbər lenti