...

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri apelyasiya şikayəti verib

Cəmiyyət Materials 12 Yanvar 2011 17:12 (UTC +04:00)
Pənahlının vəkili Elçin Sadıqov Trend-ə bildirib ki, Nəsimi rayon məhkəməsinin yanvarın 10-da çıxardığı qərardan şikayət rayon məhkəməsinə təqdim olunub.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri apelyasiya şikayəti verib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsində seçilən həbs qətimkan tədbiri ilə bağlı qərardan apelyasiya şikayəti verilib.

Pənahlının vəkili Elçin Sadıqov Trend-ə bildirib ki, Nəsimi rayon məhkəməsinin yanvarın 10-da çıxardığı qərardan şikayət rayon məhkəməsinə təqdim olunub.

Vəkil bildirib ki, şikayətdə Pənahlı barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın ləğvi xahiş olunur.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Döyülən şəxs Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Rzayev Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra Pənahlı Rzayevlə görüşüb və aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb.

Nazirlik Pənahlının həbsinin Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə əlaqəli olması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edir.

Xəbər lenti

Xəbər lenti