...

Azərbaycanda məhkəmələr daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı qanunsuzluqlara yol veriblər

Cəmiyyət Materials 19 Yanvar 2011 13:27 (UTC +04:00)
Ali Məhkəmə 2007-2008-ci illərdə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ilə bağlı ümumiləşdirmə aparıb.
Azərbaycanda məhkəmələr daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı qanunsuzluqlara yol veriblər

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmələr özbaşına tikililərə və qanunsuz zəbt olunmuş torpaq sahələrinə mülkiyyət hüququnun tanınması ilə bağlı qanun pozuntularına yol veriblər.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, özbaşına tikililərə və qanunsuz zəbt olunmuş torpaq sahələrinə mülkiyyət hüququnun tanınması ilə bağlı qanun pozuntuları 2007-2008-ci illərdə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ilə bağlı ümumiləşdirmə zamanı aşkarlanıb.

Ümumiləşdirmə zamanı məlum olub ki, vətəndaşlar bir qayda olaraq, daşınmaz əmlaklarına mülkiyyət hüquqlarının tanınması üçün birbaşa məhkəmələrə müraciət edirlər. Halbuki, həmin hüquq Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti (DƏDRX) tərəfindən tanınmalıdır.

Ali Məhkəmədən bildirilib ki, DƏDRX əmlaka mülkiyyət hüququnun tanınmasından imtina etdiyi halda, imtina qərarı ilə məhkəmələrə müraciət olunmalı və məhkəmələr, əsassız olduğu halda, həmin qurumun imtina barədə qərarını ləğv etməli və əmlaka mülkiyyət hüququnun tanınmasını ondan tələb etməlidir.

Təsrübədə isə bunun əksinə olaraq, vətəndaşlar DƏDRX-ə müraciət etmədən məhkəmələrə iddia ərizəsi verir və məhkəmələr əmlaka mülkiyyət hüququnu tanıyırlar.

Digər bir pozuntu isə vətəndaşların mülkiyyətində olan torpaq sahələrində inşa olunan evlərə mülkiyyət hüquqlarının tanınması ilə bağlıdır.

Qanuna görə, vətəndaşa məxsus torpaq sahəsi üzərində olan tikilinin mülkiyyət hüququ ayrı tanınmalıdır.

Vətəndaşlar onlara məxsus torpaq sahəsində tikililərin inşası ilə bağlı müvafiq qurumdan icazə almadan ev tikir və bu evə mülkiyyət hüquqlarının tanınması ilə bağlı məhkəmələrə iddia verir, məhkəmələr həmin tikililərə mülkiyyət hüququnu tanıyır.

Ali Məhkəmədən bildirilib ki, bütün hallarda mülkiyyət hüququnu DƏDRX tanımalıdır.

"Məhkəmələr bu qəbildən olan işlərdə yalnız 2 halda mülkiyyət hüququnu tanıya bilər - birincisi, həmin torpaq sahəsi vətəndaşa məxsus olarsa, ikincisi, fakt təsdiqlənərsə (yəni əmlakın 50-60 il əvvəl qanuni şəkildə alınması faktının təsdiq olunması)", - məhkəmədən bildirilib.

Daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmələrin yol verdiyi pozuntulardan biri ölmüş şəxsin adına əmlakın rəsmiləşdirilməsi ilə bağlıdır.

"Mülkiyyət sahibi əmlakını DƏDRX-də qeydiyyatdan keçirənədək dünyasını dəyişir. Bu halda ölmüş şəxsin adına heç bir sənəd verilə bilməz. Təcrübədə isə elə hallar olub ki, DƏDRX belə sənədləri verib. Belə işlərlə bağlı məhkəmələrə verilən iddialar təmin olunub", - Ali Məhkəmədən bildirilib.

"Daşınmaz əmlakın dövlət reyestri haqında" qanunda qeyd olunub ki, hüquq əldə edən şəxsin varisləri DƏDRX-ə müraciət etməli, bu qurum tərəfindən hüquqi varisə arayış verilməlidir. Bu arayış əsasında notariat kontoru şəxsə vərəsəlik şəhadətnaməsi verməlidir.

Həmin şəxs əmlaka mülkiyyət hüququnun tanınması üçün vərəsəlik şəhadətnaməsi əsasında yenidən DƏDRX-ə müraciət etməlidir.

Azərbaycan Ali Məhkəməsində daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmələr tərəfindən yol verilən qanun pozuntuları müzakirə olunub. Ali Məhkəmə 2007-2008-ci illərdə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ilə bağlı ümumiləşdirmə aparıb.

Ümumiləşdirmə respublikanın 62 rayon, şəhər məhkəmələrinin bu sahədə qəbul etdiyi qərarlar əsasında həyata keçirilib.

Ali Məhkəmənin Plenumunun iclasında ümumiləşdirmənin nəticələri müzakirə olunub və məhkəmələrə icmal məktubu göndərilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti