...

Azərbaycanda yolu keçərkən telefonla danışan, musiqi dinləyən piyadalar cəzalandırıla bilər - Dövlət Yol Polisi

Cəmiyyət Materials 31 Yanvar 2011 15:13 (UTC +04:00)
Azərbaycanda yolu keçərkən mobil telefonla danışan və musiqiyə qulaq asan piyadalar cərimələnə bilərlər.
Azərbaycanda yolu keçərkən telefonla danışan, musiqi dinləyən piyadalar cəzalandırıla bilər - Dövlət Yol Polisi

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yolu keçərkən mobil telefonla danışan və musiqiyə qulaq asan piyadalar cərimələnə bilərlər.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, piyadalar tərəfindən mobil telefonla danışmaq və musiqiyə qulaq asmaq səbəbindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları geniş yayılıb.

Əliyev bildirib ki, piyadaların yolu keçərkən SMS yazması, telefonla danışması və musiqi dinləməsi faciəli sonluqla nəticələnir.

"Piyadalar belə vəziyyətdə yolu keçərkən avtomobillərə diqqət yetirmir, işıqforun, digər yol hərəkəti nişanlarının tələblərini yerinə yetirmir və qəza şəraiti yaradırlar. Bunun qarşısını almaq üçün xarici ölkələrdə olduğu kimi Azərbaycanda da bu pozuntuların inzibati xəta kimi qanunvericiliyə daxil edilməsi və bu pozuntuya görə, piyadaların cərimələnməsi zərurəti yaranıb", - Əliyev vurğulayıb.

Şöbə rəisi gələcəkdə bununla bağlı qanunvericiliyə dəyişikliyi labüd sayır və hesab edir ki, müvafiq dəyişikliklər edilə bilər.

Ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb. Nəticədə 140 nəfər ölüb, 437 nəfər yaralanıb. 9959 piyada isə yol hərəkəti qaydalarını pozduğu üçün qanunun tələblərinə müvafiq cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti