Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə fevralın 5-də Şimali Qafqaza səfərə gedib. Bu barədə Trend-ə şənbə günü QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
Dadaşova deyib ki, öncə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına yollanan Paşazadə Qafqaz Şeyxülislamı olaraq yerli müsəlmanlarla görüşəcək, daha sonra Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsi rəhbərinin seçkilərində iştirak edəcək.
QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Kabardin-Balkarın bu yaxınlarda qətlə yetirilmiş müftisi Anas Pşixaçevin qəbrini ziyarət edəcək, onun ruhuna dualar oxuyacaq, ailəsinə baş çəkərək, doğmalarına və yaxınlarına başsağlığı verəcək.
Səfər çərçivəsində Paşazadəni Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokovun qəbul edəcəyi, qardaş xalqlarımız üçün önəm kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Daha sonra Allahşükür Paşazadə Çeçenistan Respublikasına yola düşəcək. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə baş tutan səfər zamanı QMİ sədrinin Çeçenistan müftisi Soltan Mirzəyev və yerli dindarlarla görüşləri nəzərdə tutulub.
Çeçenistan Respublikasının başçısı ilə görüşdə qardaş xalqlarımız arasında əlaqələrin inkişafı, Qafqazın ümumi rifahı və xoşbəxt gələcəyi yönündə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənilir.
Səfər ərzində QMİ sədrini Şimali Qafqaz Müftiləri Koordinasiya Şurasının sədri müfti İsmayıl Berdiyev müşayiət edəcək. Səfər çərçivəsində Paşazadənin Koordinasiya Şurasında təmsil olunan müftilərlə görüşü nəzərdə tutulur.