...

Azərbaycanda sürücülük hüququ məhdudlaşdırılan şəxslərə yeni güzəştlər tətbiq ediləcək

Cəmiyyət Materials 12 Fevral 2011 11:28 (UTC +04:00)
Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərdən sonra nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi imtahansız həmin müddət başa çatdığı gün qaytarılmalıdır.
Azərbaycanda sürücülük hüququ məhdudlaşdırılan şəxslərə yeni güzəştlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərdən sonra nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi imtahansız həmin müddət başa çatdığı gün qaytarılmalıdır.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Parlamenti son iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) 456.3-cü maddə əlavə olunması barədə qərar qəbul edib.

Həmin maddədə o da qeyd olunub ki, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılmalıdır.

Qanunvericiliyə dəyişikliklərdən öncə, nəqliyyat vasitəsini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan sürücü yenidən imtahan verməklə nəqliyyat vasitəsini idarəetmə hüququndan istifadə edirdi.

Qanunvericilikdə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması sürücülük hüququndan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə iki aydan iki ilədək müddətə nəzərdə tutulub.

İXM-in 151.2, 151.3, 151.4, 155.3 və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılır.

İXM-in 455-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.

Məcəllənin 456.1 və 456.2-ci maddələrində qeyd olunur ki, fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.

Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət azaldıqda, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.

Təcrübədə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu inzibati tənbeh növünü tətbiq edərkən İnzibati Xətalar Məcəlləsini deyil, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 saylı qərarını və "Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında" Əsasnaməni rəhbər tutur.

Əsasnamənin 2.13-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

Xəbər lenti

Xəbər lenti