...

Azərbaycanda korrupsiya faktına görə altı bələdiyyə ilə bağlı Baş Prokurorluğa müraciət olunacaq - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 18 Fevral 2011 17:19 (UTC +04:00)
Azərbaycanda bu il 6 bələdiyyənin fəaliyyətində korrupsiya faktı aşkar edilib.
Azərbaycanda korrupsiya faktına görə altı bələdiyyə ilə bağlı Baş Prokurorluğa müraciət olunacaq - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu il 6 bələdiyyənin fəaliyyətində korrupsiya faktı aşkar edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə cümə günü Trend-ə bildirib ki, Bakı şəhərinin və respublikanın rayonlarını əhatə edən həmin bələdiyyələrin fəaliyyəti araşdırılıb və onların fəaliyyətində korrupsiya faktları aşkarlanıb.

Səlimzadə qeyd edib ki, həmin bələdiyyələrdən ikisinin işi ilə bağlı araşdırmalar yekunlaşıb və yaxın günlərdə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunacaq. Digər 4 bələdiyyə barədə araşdırmalar isə yekunlaşmaq ərəfəsindədir.

Mərkəz rəhbəri həmin bələdiyyələrlə bağlı materialların da Baş Prokurorluğa göndəriləcəyini deyib. Nazirlik rəsmisi hələlik həmin bələdiyyələrin adlarının açıqlanmasını məsləhət bilməyib.

Səlimzadənin sözlərinə görə, bələdiyyələrin fəaliyyətində qeydə alınan əsas nöqsanlar düzgün olmayan qərarların qəbulu, qərarların gizlədilməsi, bələdiyyə mülkiyyətindən, əmlakından istifadədə, maliyyə mənbələrinin toplanması və xərclənməsində yol verilən nöqsanlardır.

"Bu qanunsuzluqlar da birbaşa korrupsiyaya yol açır", - Səlimzadə vurğulayıb.

Mərkəzin rəhbəri bildirib ki, bələdiyyələrin fəaliyyətində korrupsiya ilə mübarizə məqsədilə xüsusi tədbirlər planı hazırlanıb və respublikanın 10 regionunda bələdiyyənin işinin təşkili ilə bağlı maarifləndirmə tədbirləri, bələdiyyə qanunvericiliyinə ciddi riayət olunması məqsədilə müşavirələr keçiriləcək.

"Bələdiyyə üzvləri üçün bələdiyyənin işinin təşkili, bələdiyyə qanunvericiliyinə riayət olunması, qanunsuzluqların qarşısının alınması, bələdiyyə mülkiyyətindən qanunsuz istifadə hallarına yol verilməməsi məqsədilə maarifləndirmə və inzibati tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Lənkəranda region üzrə, həmçinin Lənkəran, Astara, Cəlilabad şəhər bələdiyyələrində müşavirələr keçirdik. Bələdiyyə rəhbərlərinə istiqamətlər verildi. Onlara bələdiyyə iclaslarının vaxtında keçirilməsi, qərarların hazırlanması, vaxtında Mərkəzə göndərilməsi ilə bağlı tapşırıqlar verildi. Həmçinin, vətəndaşların qəbulu və onların hüquqlarının pozulması hallarının aradan qaldırılması məsələləri xüsusi vurğulandı", - Səlimzadə vurğulayıb.

Ötən il 27 bələdiyyənin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edilib, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.

Xəbər lenti

Xəbər lenti