...

Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması əsas prinsipimizdir – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 22 Fevral 2011 17:30 (UTC +04:00)
Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmasına nail olmaq əsas prinsiplərimizdir.
Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması əsas prinsipimizdir – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmasına nail olmaq əsas prinsiplərimizdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Makkenzi ilə görüşü zamanı deyib.

"Bu məsələ ilə bağlı ötən ilin martından ATƏT ilə birgə iş aparırıq. Ortaq layihə çərçivəsində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na əlavə və dəyişikliklər edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda sənədin yeni variantı media ictimaiyyətinə təqdim edilib və bəyənilib. Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında da məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq", - Amaşov əlavə edib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Amaşov çıxışında həmçinin Azərbaycanda mediaya dövlət dəstəyi baxımından da kompleks fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti