Azərbaycan, Bakı, 23 fevral /Trend/
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) məsul nümayəndələri ilə görüşüb. Bu barədə çərşənbə günü Trend-ə Ədliyyə Nazirliyindən bildirilib.
Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını bildirən ölkədə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə mühüm rolu olan hakimlərin ən şəffaf qaydalarla seçimi və inzibati məhkəmələrin yaradılması üzrə görülən işlər barədə məlumat verib, islahatlarda GIZ-in fəal iştirakını qeyd edib.
Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla bildirən səfir GIZ-in ölkəmizə yeni təyin olunmuş layihə rəhbərlərini təqdim edib. Qonaqlar GIZ ilə Azərbaycan arasında hüquqi əlaqələri təqdir edib, Ədliyyə Nazirliyi ilə uğurlu əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini söyləyiblər.
Görüşdə gələcək fəaliyyətin prioritetləri müəyyən olunaraq konkret təkliflər də irəli sürülüb.