...

Azərbaycanın təhsil naziri vətəndaşların şikayətlərinin mətbuatın iştirakı ilə araşdırılmasını istəyir

Cəmiyyət Materials 24 Fevral 2011 20:43 (UTC +04:00)
"İl ərzində nazirliyə çoxsaylı müraciətlər, şikayətlər, ərizələr gəlir. Bu müraciətləri KİV nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarmaq istəyirik", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanın təhsil naziri vətəndaşların şikayətlərinin mətbuatın iştirakı ilə araşdırılmasını istəyir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın təhsil naziri vətəndaşlardan gələn şikayətlərin mətbuatın iştirakı ilə araşdırılmasını mümkün sayır.

"İl ərzində nazirliyə çoxsaylı müraciətlər, şikayətlər, ərizələr gəlir. Bu müraciətləri KİV nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarmaq istəyirik", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Nazirliyə daxil olan müraciətlərin əksər hallarda təkrar olduğunu deyən nazir hesab edir ki, şikayətlərin araşdırılmasında mətbuat və ictimaiyyət iştirak edərsə, bu sahədə şikayətlərin sayı azalacaq.

Nazirin fikrincə, kimisə vəzifədən çıxarmaqla, həbs etməklə korrupsiyanın qarşısını almaq mümkün deyil.

Korrupsiya ilə mübarizədə ictimaiyyətlə münasibətlərin qurulmasını çıxış yolu kimi görən Mərdanov qeyd edib ki, ictimaiyyətlə açıq münasibət yaratmaq lazımdır.

"Valideynlərin müəllimlərlə, məktəblərlə, təhsil müəssisələri ilə əlaqələrini genişləndirmək və KİV-ə tam açıq olmaq lazımdır", - Mərdanov vurğulayıb.

Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizənin il boyu aparıldığını diqqətə çatdıran Mərdanov bu mübarizənin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti