Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ombudsmanı Cəlilabad rayonunda sel basmış ərazilərin sakinlərinin problemlərinin öyrənilməsi üçün tapşırıq verib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları rayonda sel basmış ərazilərdə olub, sakinlərlə görüşüb və onların problemlərini öyrəniblər.
Son bir həftə ərzində aramsız yağan qar və yağışlar bu rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olub və nəticədə düzənlik ərazilərdəki evləri sel suları basıb.
Rayonun Yeni Yaşayış massivi, o cümlədən "Quşçuluq fabriki" adlanan ərazisi, çökək yerlərdəki bir sıra evlər və əkin sahələri su altında qalıb. Sel basmış ərazilərdə rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları, çoxsaylı işçi qüvvəsi və texnika çalışır.
Müəyyən edilib ki, Cəlilabad rayonundakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi tədbirləri başa çatdırılıb, "daş kanalı" adlanan su kanalında suyun səviyyəsi bir metrdən çox aşağı düşüb.
Rayonda elektrik enerjisi və qaz təminatı normal vəziyyətdədir.
Rayonun Cavadxan və Əliağa Vahid küçəsində yerləşən evlərin həyətinə dolmuş su Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən qurudulur.
Ombudsmanın nümayəndələri ilə söhbət zamanı sakinlər vaxtında lazımi tədbirlər görülməsindən razılıqlarını bildirib, əhaliyə böyük tələfat və ziyan dəyməsinin qarşısının alındığını söyləyiblər.