...

Azərbaycan ombudsmanı qadınların sayının azalmasının səbəblərini açıqlayıb

Cəmiyyət Materials 11 Mart 2011 10:38 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb.
Azərbaycan ombudsmanı qadınların sayının azalmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb. Bunun kökündə məişət zorakılığı durur. Trend-in məlumatına görə, bunu ombudsman Elmira Süleymanova ATƏT-in Bakı ofisinin cümə günü təşkil etdiyi "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusundakı konfransda deyib.

"Cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub. Məişət zorakılığının müxtəlif formaları insan hüquqlarının pozulması ilə sıx bağlıdır. Bu pozuntuların kökündə isə ayrı-seçkiliyin müxtəlif formaları, xüsusən də cinsi ayrı-seçkilik durur", - Süleymanova deyib.

Ombudsman məişət zorakılığının təhlilinin və dəqiq statistikasının aparılmasını və bunun nəticəsində problemlə mübarizədə konkret mexanizmlərin hazırlanmasını vacib sayır.
Süleymanovanın sözlərinə görə, qadın hüquqlarının pozulmasına əmək bazarında, sahibkarlıqda, kreditlərin verilməsində, ailədə və digər sahələrdə rast gəlinir.

"Qadınların iş tapmaq baxımından kişilərlə bərabər imkanlara malik olmaması onların ailədə iqtisadi baxımdan kişilərdən asılı vəziyyətə düşməsi və qərarvermə prosesindən kənarlaşdırılması ilə nəticələnir" - o, deyib.

Statistikaya görə, 2008-2009-cu illər ərzində qadın və uşaqlara qarşı cinayətlərin sayında artım müşahidə edilsə də, 2010-cu ildə azalma qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti