...

Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinədən keçmələrinin detalları açıqlandı (VİDEO)

Cəmiyyət Materials 16 Mart 2011 12:44 (UTC +04:00)
Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinələrinin nəticəsi nikah bağlamağa təsir etməyəcək. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinədən keçmələrinin detalları açıqlandı (VİDEO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinələrinin nəticəsi nikah bağlamağa təsir etməyəcək. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Komitə tərəflərin nikaha girməzdən öncə tibbi müayinədən keçməsi və bu barədə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinə arayış təqdim etməsi barədə təkliflə çıxış edib. Komitənin bu təklifi əsasında Ailə Məcəlləsinə əlavə və dəyişiklər təklif olunub.

Sofiyeva bildirib ki, xəstəliklər barədə tərəflərin bir-birini məlumatlandırması Azərbaycan reallığı üçün daha uyğun olardı.

O, qeyd edib ki, rayon, kənd yerlərində insanlar bir-birilərini tanıdığı üçün başqalarının onların xəstəliklərindən xəbərdar olmasını istəməzlər.

"Ona görə də belə təklif irəli sürülüb ki, tərəflər nikah üçün müvafiq orqana (VVAQ) müraciət edəndə tibbi müayinədən keçmələri barədə sənəd təqdim etsinlər. Tərəflər xəstəliklər barədə məlumatı üçüncü tərəfə, yəni, müvafiq icra hakimiyyəti orqanına deyil, bir-birilərinə təqdim etməlidir. Nəticə isə heç vaxt nikah bağlamağa mane olmur. Məqsəd odur ki, hər hansı xəstəlikdən tərəflər məlumatlı olsun. Nəticədən aslı olaraq tərəflər nikaha girib-girməyəcəklərinə özləri qərar verəcəklər", - komitə sədrinin müavini vurğulayıb.

Komitənin belə bir təkliflə çıxış etməsinə bu istiqamətdə aparılan araşdırmalar, quruma vətəndaşlar tərəfindən edilən müraciətlər və beynəlxalq təcrübə səbəb olub.

O, qeyd edib ki, bu gün Azərbaycan ailələrində bu sahədə ciddi problemlər var. Nikaha girənlər xəstəlikləri barədə məlumatları gizlətdiyindən, nikah dövründə ciddi problemlərlə qarşılaşıblar.

"Belə ailələrin 80 faizi uğursuz ailələr olub. Hətta yaxın qohumlar arasında nikah bağlanır, amma tərəflər digərinin xəstəliklərindən xəbərsiz olurlar. Müəyyən xəstəliklər var ki, bunları gizlətmək mümkün deyil. Qısa müddətdə onun fəsadları üzə çıxır. Ailədə məişət zorakılığı zəminində hadisələr baş verir, xəstə uşaqlar doğulur", - komitə rəsmisi deyib.

Sofiyevanın sözlərinə görə, ötən il komitə tərəfindən Azərbaycan ailələri ilə bağlı aparılan araşdırmalarda respondentlərin nikahdan öncə tərəflərin tibbi müayinədən keçməsi ilə bağlı rəyi öyrənilib və onların 80 faizdən çoxu bu təklifin lehinə olub.

Sofiyevanın sözlərinə görə, müayinə olunacaq xəstəliklərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən nüəyyənləşdiriləcək.

"Təcrübəmizə istinadən deyə bilərəm ki, ailələrdə daha çox psixi xəstəliklər, narkomaniya, yoluxucu xəstəliklər, qan qohumluğu ilə əlaqədar xəstəliklərə rast gəlinir. İlkin olaraq bütün xəstəliklər üzrə müayinələri siyahıya salmaq düzgün olmazdı. İlk mərhələdə daha təhlükəli və geniş yayılmış xəstəliklər siyahıya daxil edilməlidir. Tədricən bu siyahını təkmilləşdirmək lazımdır", - sədr müavini deyib.

Komitə rəsmisi nikahdan öncə tərəflərin tibbi müayinədən keçirilməsi tələbinin qoyulmasının nikahsız ailələrin sayının artmasına səbəb olacağı fikri ilə razılaşmır.

"Məncə, bu bəhanədir. Sağlam ailə qurmaq istəyənlər bu adddımı atacaq. Bu məsələdən bəhanə olaraq istifadə edən də tapılacaq", - Sofiyeva deyib.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti