...

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2011 18:23 (UTC +04:00)
Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılır.
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 11:39-də yayılıb)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılır.

Sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktorluğunun rəhbəri Robert Palmer sədrlik edəcəklər.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun Mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005-ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004-cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008-ci il, may), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı Bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010-cu il, Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti