Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan daxili işlər naziri ilə görüşdə Lənkəranda 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti öz həllini tapıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ramil Usubov aprelin 23-də Lənkəran şəhərində olub.
Həmin gün rayon polis şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Nazirin tapşırığı ilə 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə həll olunub.
Daxili işlər naziri qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.
Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir.