Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/
Ekspertlər hücum xarakterli kiber texnologiyaları kütləvi qırğın silahları ilə eyniləşdirirlər. Trend-in məlumatına görə, bunu "Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış" mövzusunda keçirilən "dəyirmi masa"da Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva deyib.
Onun sözlərinə görə, qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Hücum xarakterli kiber texnologiyaların yaradılması kiber mühitdə qlobal münaqişələrə səbəb ola bilər və onların qarşısının alınması müasir dövrün olduqca vacib çağırışlarından biridir.
"Bu kontekstdə qeyd etmək istərdim ki, bəzi ekspertlər bu problemin əhəmiyyətini daha da vurğulamaq üçün hətta hücum xarakterli kiber texnologiyaları kütləvi qırğın silahları ilə eyniləşdirirlər. Onlar qeyd edirlər ki, bu sahədə mövcud beynəlxalq normativ hüquqi bazanın kifayət qədər inkişaf etdirilməməsi hücum xarakterli kiber texnologiyaların istifadəsinin məhdudlaşdırılması, bu tipli hücumları həyata keçirənlərin müəyyən edilməsi və zərərsizləşdirilməsində maneələr yaradır", - Paşayeva vurğulayıb.
SAM rəsmisi qeyd edib ki, kiber hücumların sayının artması, onların daha mütəşəkkil formada həyata keçirilməsi və hökumətlərə, biznes strukturlarına, iqtisadiyyata, nəqliyyat və digər sahələrə vurduğu zərər ötən ilin noyabrında NATO-nun Lissabonda keçirilmiş zirvə toplantısında qəbul edilən strateji konsepsiyada öz əksini tapıb.
Paşayeva Azərbaycanın informasiya və kiber təhlükəsizliyi sahəsində milli maraqların müdafiəsinə yönəlmiş müvafiq addımlar atdığını deyib. O, bildirib ki, milli təhlükəsizlik sahəsində siyasət və praktiki tədbirlərin həyata keçirilməsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına əsaslanır.
Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov kibercinayətkarlıqla mübarizədə görülən işlər barədə məlumat verib.
Bildirib ki, Azərbaycan ilk dəfə olaraq kiber tədid və cinayətkarlıqla ötən ilin 90-cı illərində qarşılaşıb.
Bununla əlaqədar bu sahədə beynəlxalq təcrübə öyrənilib və qanunverciliyə müvafiq dəyişikliklər edilib.
Onun sözlərinə görə, 2000-ci ildə Cinayət Məcəlləsinə kompyuter informasiyası sahəsində ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutan 3 maddə əlavə edilib və bu cinayətlərin istintaqı MTN-ə həvalə olunub.
Bu cinayətlərlə mübarizə aparmaq üçün 2002-ci ildə MTN-də bölmə yaradılıb.
Hazırda nazirlikdə İnformasiya Təhlükəsizliyi İdarəsi fəaliyyət göstərir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbirdəki çıxışında bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinə milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi baxılır.
Vəlizadənin sözlərinə görə, qloballaşan informasiya cəmiyyətində dövlətlər arasında baş verən münaqişələr virtual məkana keçir.
"Müasir texnologiyalardan istifadə edilməklə cinayətlərin yeni növləri meydana çıxır. Terrorizm, separatizm, ekstremizm getdikcə daha çox yayılır", - nazir müavini bildirib.