Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Türkiyənin İzmit şəhərində yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı baş tutacaq. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) prezidenti Bilal Dündar cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
"Mərkəzdə Azərbaycanla bağlı əyani vəsaitlər, mədəniyyət nümunələri, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini əks etdirən kitablar toplanacaq", - TADF prezidenti bildirib.
Onun sözlərinə görə, TADF-nin təşəbbüsü və İzmit bələdiyyəsinin dəstəyi ilə şəhərdə azərbaycanlı tələbələrin qalması üçün bina da ayrılıb. Dündar bildirib ki, 2006-cı ildə yaranan TADF hazırda 22 dərnəyi birləşdirir, lakin 2011-ci ilin sonuna kimi üzv olan dərnəklərin sayının 35-dək artacağı gözlənilir.
"Federasiyanın yarandığı gündən əsas məqsədi Azərbaycan tarixinin, mədəniyyətinin Türkiyə cəmiyyətinə daha yaxından tanıdılmasıdır", - Dündar bildirib.
TADF prezidenti Türkiyədə ermənilər də daxil olmaqla müxtəlif toplumların mövcud olduğuna baxmayaraq, ölkə üzrə Azərbaycanın siyasətinin hərtərəfli dəstəkləndiyini bildirib.
O qeyd edib ki, Türkiyədə 3 milyonadək Azərbaycan əsilli insan yaşayır.