...

Sabah Rusiyanın ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları imtahan verəcəklər

Cəmiyyət Materials 20 May 2011 12:47 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək.
Sabah Rusiyanın ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları imtahan verəcəklər

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək.

Trend-in məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həmin gün eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak edən bakalavrların imtahanı olacaq.

Rusiyanın 25-dən artıq ali təhsil müəssisəsində bakalavr pilləsi üzrə Azərbaycana 48 plan yeri ayrılıb. Həmin universitetlərin sırasına N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Moskva Aviasiya İnstitutu, Volqoqrad Dövlət Universiteti və s. daxildir.

MDBƏİ-də bakalavr pilləsində təhsil almaq üçün Azərbaycan vətəndaşlarına 3 yer (ödənişsiz əsaslarla) ayrılıb.

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 yer nəzərdə tutulub.

MDBƏİ-yə qəbul imtahanında iştirak üçün 30, Rusiyanın digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün 87, Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına qəbul imtahanında iştirak etmək istəyən 4, ümumilikdə isə 121 nəfər qeydiyyatdan keçib.

İmtahan nəticələri həmin gün TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Test imtahanı nəticəsində bakalavriatura səviyyəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.

Müsahibə TQDK-da mayın 23-də keçiriləcək. Bu zaman Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi, eləcə də ümumi dünyagörüşü yoxlanılacaq.

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasına keçirilən imtahanda bakalavrların təklif olunan mövzu üzrə rus dilində inşa yazmaları tələb olunur.

Xəbər lenti

Xəbər lenti