...

Polis əməkdaşlarıyla məişət zorakılığı ilə bağlı dəyirmi masa keçirilib

Cəmiyyət Materials 20 May 2011 16:00 (UTC +04:00)
Daxili işlər orqanlarının bir qrup əməkdaşı üçün "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi prosesində hüquq-mühafizə orqanlarının rolu" adlı seminar keçirilib.
Polis əməkdaşlarıyla məişət zorakılığı ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər orqanlarının bir qrup əməkdaşı üçün "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi prosesində hüquq-mühafizə orqanlarının rolu" adlı seminar keçirilib.

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun hüquq sistemi üçün yeni olduğunu diqqətə çatdıran millət vəkili, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) rəhbəri Əli Hüseynli qanunun əhəmiyyətindən danışıb.

Millət vəkilinin sözlərinə görə, qanunun qəbulunda məqsəd məişət zorakılığına qarşı cəmiyyətdə dözümsüzlüyün formalaşdırılmasıdır.

O, gələcəkdə qanuna əlavə və dəyişikliklərin ediləcəyini, bəzi beynəlxalq terminlərin qanuna daxil ediləcəyini bildirib. Hüseynli bu qəbildən olan seminarların Daxili İşlər Nazirliyinin idarələrində təşkil olunacağını deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qanunun qəbulunu cəmiyyətin uğuru kimi dəyərləndirib və qeyd edib ki, ailədaxili zorakılığın qarşısının alınması üçün sənədin əhəmiyyəti əvəzedilməzdir.

Qanunun işləmə mexanizminin hazırlandığını deyən Qəhrəmanova onun yaxın gələcəkdə qəbul ediləcəyini bildirib.

Məişət zorakılığının formaları barədə söhbət açan komitə rəsmisinin sözlərinə görə, məişət zorakılığına tək fiziki formada deyil, mənəvi, psixoloji və iqtisadi zorakılıq formalarında da rast gəlinir.

"Mənəvi, psixoloji, iqtisadi zorakılığın statistikasını aparmaq qeyri-mümkündür. Ancaq sosioloji sorğuların köməyi ilə hansısa nəticələr əldə etmək olar. Fiziki zorakılıq isə artan xətt üzrə inkişaf edir. Baxmayaraq ki, problemlə mübarizə məqsədilə maarifləndirmə tədbilərinin də sayı artıb", - Qəhrəmanova vurğulayıb.

Onun fikrincə, problemlə mübarizədə effektli nəticə əldə etmək üçün ilk növbədə daxili mədəniyyətin möhkəmləndirilməsi, ailələrdə milli dəyərlərin qorunub saxlanması vacibdir.

Komitə rəsmisi inzibati və cinayət qanunvericiliyinə psixoloji və iqtisadi zorakılıqla bağlı cinayət və inzibati məsuliyyətin salınmasına ehtiyac olduğunu vurğulayıb.

DİN-in Polis Akademiyasının müəllimi Vüqar Mansurov polisin qanunun qəbulundan öncə də məişət zorakılığı ilə mübarizə apardığını, problemlə mübarizədə belə bir qanunun olmamasının onların işinə müəyyən çətinliklər yaratdığını deyib.

O qeyd edib ki, daxili işlər orqanlarında münaqişəli ailələr profilaktiki qeydiyyata götürülür.

Bu qəbildən olan ailələrin "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təsiri dairəsinə düşmədiyini deyən Mansurov cinayətlərin profilaktikası haqqında qanunun qəbuluna ehtiyac olduğunu vurğulayıb.

O, məişət zorakılığının yalnız gender problemi ilə əlaqələndirilməsini düzgün hesab etməyib və bildirib ki, problemlə mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin vəzifəsidir.

"Statistika göstərir ki, son vaxtlar cəmiyyətdə zorakılıq cinayətləri artıb. Ümumi cinayətlərin 40 faizini şəxsiyyət əleyhinə törədilən cinayətlər təşkil edir", - DİN rəsmisi bildirib.

O, cəmiyyətdə zorakılıq cinayətlərinin tədqiq olunması, öyrənilməsi məqsədilə kriminoloji tədqiqatlar mərkəzinin yaradılmasını vacib sayır.

DİN rəsmisi hesab edir ki, belə bir mərkəzin fəaliyyət göstərməməsi cinayətkarlığın vəziyyətinin öyrənilməsində problemlər yaradır.

"Məişət zorakılığına qarşı beynəlxalq standartlar və Azərbaycan hüquq sistemi" mövsuzunda çıxş edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev bu sahədə qəbul edlən beynəlxalq sənədlər, problemlə mübarizədə beynəlxalq təcrübə barədə seminar iştirakçılarını məlumatlandırıb.

Qaracayev bildirib ki, 20-ci əsrin sonunda dünyanın 35 ölkəsində məişət zorakılığını qadağan edən qanunlar qəbul edilib.

O, cinayət qanunvericiliyinə psixoloji və iqtisadi zorakılıqla bağlı məsuliyyətin salınmasının vacib olduğunu qeyd edib və bildirib ki, qanunvericiliyə bununla bağlı dəyişiklik edilərsə, məişət zorakılığı ilə mübarizə daha effektli nəticə verə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə İbrahimova "Məişət zorakılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinin siyasəti", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun əsas müddəaları: məzmun və struktur" adlı mühazirələrlə çıxış edib.

Çıxışlardan sonra məişət zorakılığı, onunla mübarizənin aparılması, qanunun əhəmiyyəti və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Seminar Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti