...

Berlin Jurnalistika Məktəbi azərbaycanlı jurnalistləri təcrübə keçməyə dəvət edib (FOTO)

Cəmiyyət Materials 20 May 2011 16:17 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında (MŞ) Almaniyanın Berlin Jurnalistika Məktəbinin (BJM) professoru Klemens Şölün iştirakı ilə "dəyirmi masa" keçirilib.
Berlin Jurnalistika Məktəbi azərbaycanlı jurnalistləri təcrübə keçməyə dəvət edib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasında (MŞ) Almaniyanın Berlin Jurnalistika Məktəbinin (BJM) professoru Klemens Şölün iştirakı ilə "dəyirmi masa" keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqidir. Mətbuat Şurası bu məqsədlə xarici ölkələrin media qurumları və institutları ilə əlaqə saxlayır, onların təcrübəsinin öyrənilməsi, jurnalist kadrlarının hazırlanması, peşəkarlıqlarının təkmilləşməsi istiqamətində tədbirlər həyata keçirir.

Avropalı qonaq Klemens Şöl BJM-in həyata keçirdiyi layihə barədə məlumat verib. O bildirib ki, "Mətbuat - xalqlar arasında vasitəçi kimi" adlı layihə müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlərin 3 aylığa Berlinə dəvət olunmalarını və bu müddətin 2 ayında hansısa alman mətbuat orqanında işləmələrini, təcrübə mübadiləsi aparmalarını nəzərdə tutur.

"Noyabrın 30-u sənəd qəbulunun son vaxtıdır. Başlıca şərtlərdən biri alman dilini bilməkdir. Biz əsasən 25-35 yaşları arasında olan, jurnalistika ilə peşəkar şəkildə çalışan şəxslərə üstünlük veririk. Layihə 2003-cü ildən davam edir. İndiyədək proqramda 140-dan artıq jurnalist iştirak edib. Proqram Robert Boş Fondu tərəfindən maliyyələşdirilir. Ümumiyyətlə, Berlin Jurnalistika Məktəbi dövlət təşkilatı deyil", - o vurğulayıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Almaniya ilə Azərbaycan arasında əlaqələrin hər zaman dinamik olduğunu önə çəkib. Media sahəsində də münasibətlərin vacibliyini vurğulayan baş redaktor mövcud layihənin bu baxımdan əlamətdar səciyyə daşıyacağına, Azərbaycan jurnalistlərinin irəli sürülən təşəbbüsün reallaşmasında aktiv olacaqlarına ümid etdiyini bildirib.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər iştirakçılar layihənin əhəmiyyətli cəhətlərinə toxunublar.

Xəbər lenti

Xəbər lenti