Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
"Turizm ili" çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçirir.
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, şimal-qərb bölgəsi üzrə İsmayıllı rayonunda Peşə Tədris Mərkəzində xidmət sahəsi ilə bağlı başlayan təlim-tədris kursları mayın 28-də yekunlaşacaq.
Şimal bölgəsi üzrə isə iyunun 1-dən 10-dək Xaçmaz rayonunda xidmət sahəsi ilə bağlı təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır.
Təlim-tədris kurslarında əsasən qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
Belə kursların təşkili regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsini yüksəldiləcək. Bununla da onlar turizmin inkişafına öz töhfəsini verəcəklər.