Azərbaycan, Bakı, 31 may/ Trend, müxbir İ.İsabalayeva/
İyunun 13-14-də Zaqatala rayonunda Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri Azərbaycanın 10 rayonundan olan, mədəni irs sahəsində çalışan mütəxəssislər üçün təlim keçirəcəklər. Bu barədə Trend-ə çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimdə Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələrin, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinlərinin, baş memarların, rayon mədəniyyət və turizm şöbə müdirlərinin iştirak edəcəyi planlaşdırılır.
Tədbirin təşkilində məqsəd Avropa Şurasının "Kiyev Təşəbbüsü Regional Proqramı" çərçivəsində həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ilkin mərhələsinin icra edilməsidir.
Layihənin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin, onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurulması və təkrar işlənməsi vasitəsilə canlandırılması, davamlı sosial və iqtisadi inkişafı üçün strateji inkişaf planının həyata keçirilməsinə kömək göstərilməsidir.