...

Abituriyentlərin attestat qiymətlərinin ərizələrinə daxil edilməsi prosesi sadələşdirilə bilər

Cəmiyyət Materials 3 İyun 2011 13:01 (UTC +04:00)
Attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi prosesi sadələşdirilə bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Abituriyentlərin attestat qiymətlərinin ərizələrinə daxil edilməsi prosesi sadələşdirilə bilər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi prosesi sadələşdirilə bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

"Təhsil Nazirliyi (TN) builki məzunlar haqqında məlumat bazasını iyunun 25-nə qədər TQDK-ya təqdim etsə, abituriyentlərin attestat qiymətlərinin ərizələrinə daxil edilməsi məqsədilə Sənəd Qəbulu Komissiyalarına (SQK) getmələrinə ehtiyac qalmayacaq", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən builki məzunlar attestat aldıqdan sonra qiymətlərini elektron ərizələrinə daxil etməlidirlər.

SQK-lar TN-in verdiyi məlumat bazası əsasında abituriyentlərin elektron ərizələrinə əlavə etdikləri attestat qiymətləri ilə attestatın əslində yazılmış qiymətlərin uyğunluğunu yoxlayacaqlar.

TQDK sədri qeyd edib ki, bu il ali və orta ixtisas təhsili məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən 2900 abituriyent elektron ərizəsini təsdiqlədə bilməyib. Onların 2190 nəfəri əvvəlki illərin oğlan məzunlarıdır.

"Onların ərizələrinin təsdiqi üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi və ya hərbi qulluq keçmələri barədə sənəd təqdim edilməlidir", - Abbaszadə deyib.

O qeyd edib ki, ötən illə müqayisədə bu il bəzi regionlarda ali məktəblərə sənəd verənlərin sayı artıb. Bərdədə bu artım 11, Ağstafada 12, Goranboyda 13 faiz olub. Ən yüksək artım isə 34,7 faiz olmaqla Abşeronda qeydə alınıb. Bəzi regionlarda isə sənəd verənlərin sayı azalıb. Saatlıda 10, Daşkəsəndə 15, Gədəbəydə 19 faiz azalma müşahidə olunub.

TQDK sədri bu il imtahanlarda iştirak edəcək abituriyentlərin bilik səviyyəsi barədə indidən heç bir məlumat söyləyə bilməyəcəyini deyib.

"Sınaq imtahanlarını ölkə üzrə 52 bölgədə keçirmişik. Sınaq imtahanlarında iştirak edən abituriyentlərdən 19 min nəfər ali məktəblərə sənəd verməyib. Son sınaq imtahanında iştirak edən və ali məktəbə ərizə verən abituriyentlərin göstəricilərinə əsasən, Azərbaycan bölməsi üzrə birinci ixtisas qrupunda orta bal 200-dən yuxarı, II qrupda 305, III qrupda 314, IV qrupda isə 351-dir", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti