Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tariverdiyeva/
İyunun 7-də Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyəti sədrinin müavini Sergey Rahmanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə Trend-ə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfər proqramına AMEA, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, digər elmi təşkilatlarda görüşlər daxil edilib.
Məlumata görə, görüşlər zamanı Belarus nümayəndə heyəti Belarus MEA-nın Azərbaycanın təşkilatları ilə birgə istehsalatda tətbiqi perspektivli olan innovasiya layihələrinin təqdimatını keçirəcək.
Suyun təmizlənməsi zamanı enerjiyə qənaət edilməsi, komyuter nitq texnologiyaları, tibbi informasiya texnologiyaları və sistemləri, biotenoloji və molekulyar genetik seleksiya metodları, molekulyar-bioloji diaqnotika, lazer-optik və optik-elektron texnologiyalar kimi və digər sahələrdə qarşılıqlı əlaqələrin aktivləşməsi üzrə konkret addımlar müzakirə olunacaq.
Səfirliyin məlumatında bildirilir ki, səfər iyunun 9-dək davam edəcək.