...

Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Cəmiyyət Materials 17 İyun 2011 13:13 (UTC +04:00)
Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.
Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycanın Maliyyə Nazirliyində geniştərkibli kollegiya iclası keçirilmişdir.

İyunun 16-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilmişdir. Kollegiyanın gündəliyinə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr və 2012-ci il dövlət və icmal büdcə layihələrinin hazırlanması işlərinin gedişi haqqında", Maliyyə Nazirliyin fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər, "Maliyyə Nazirliyinin aparatında, Nazirliyin strukturuna daxil olan dövlət agentlik və xidmətlərində, Naxçıvan MR Maliyyə Nazirliyində və yerli maliyyə orqanlarında 2010-cu il və 2011-ci ilin 5 ayı ərzində kargüzarlığın təşkili, icra intizamının möhkəmləndirilməsi tədbirləri və daxil olan vətəndaş müraciətlərinə baxılması haqqında" və "Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində dövlət qulluğuna qəbulun vəziyyəti və mövcud problemlər haqqında" məsələlər daxil edilmişdir.

Kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, "2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir və artıq qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olmuşdur. Qeyd olunan xərclər üzrə tələb olunan 3193,2 mln. manat həcmində maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilmişdir.
Nazir 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrin vaxtında və kefiyyətlə icra olunması ilə bağlı Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, yerli maliyyə orqanlarına konkret tapşırıqlar vermişdir.

Şərifov bildirmişdir ki, cari ildə nazirliyin qarşısında duran mühüm vəzifələrindən biri Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin layihəsinin "Büdcə sistemi haqqında" qanunun tələblərinə uyğun olaraq hazırlanmasıdır. Nazir 2012-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsinə dair Nazirlər Kabinetinin sərəncamını, həmin sərəncama uyğun olaraq Maliyyə Nazirliyinin görəcəyi işlərə və qarşıda duran vəzifələrə dair imzalanmış əmrlə "Tədbirlər Planı" təsdiq etdiyini, 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə gəlirlər və xərclər üzrə dövlət komissiyalarının yaradıldığını qeyd etmişdir.

Eyni zamanda, 2012-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcəsinin gəlir və xərcləri müəyyən edilərkən ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə prioritet hesab etdiyi məsələlər, konkret təşkilat üzrə qəbul edilmiş qanunvericilik və normativ-hüquqi aktlar, o cümlədən Dövlət proqramları və məqsədli tədbirlər üzrə nəzərdə tutulmuş xərc istiqamətlərinə və qanunvericiliklə müdafiəsi təmin edilən xərclərə üstünlük verilməsi vurğulanmışdır.

Bildirilmişdir ki, hər bir gəlir növü üzrə real baza müəyyən edilməli, vergi ödəyiciləri tərəfindən təqdim edilmiş göstəricilər və hesablamalar, qəbul edilmiş dövlət proqramlarında, ərazilərin sosial-iqtisadi inkişaf göstəricilərində nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı ilə bağlı məsələlər, xərc maddələri üzrə hesablamalar aparılarkən əvvəlki illərin hesabat, xərc normativləri, təşkilatların sifarişləri, yerdə olan real vəziyyət tam araşdırılmalıdır. Bir sıra xidmət xərclərinin, o cümlədən elektrik enerjisi, qaz və su haqqı xərclərinin daha real proqnozlaşdırılması və ödəmə intizamı ilə bağlı mövcud problemlərin həllinə diqqət artırılmalıdır. Mövcud xərc normativləri və digər normativ-hüquqi sənədlər büdcə təşkilatları ilə birgə ətraflı və diqqətlə öyrənilməli, hər bir xərcin təyinatı üzrə müvafiq xərc yarımmaddələrində proqnozlaşdırılmasına nail olunmalıdır.
S.Şərifov 2012-ci il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanması ilə bağlı da tapşırıqlarını verərək bildirmişdir ki, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan büdcə layihələri və digər sənəd və təkliflər avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Kollegiyada Maliyyə Nazirliyin fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrasına başlanılmışdır. Nazirlikdə elektron sənəd dövriyəsi və elektron imza sistemi tətbiq edilmiş və hazırda bu sistemlərin daha geniş şəkildə yayılması istiqamətində iş aparılır. Eyni zamanda, elektron xidmətlərin göstərilməsi üçün Nazirliyin rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulmuşdur ki, bu da vətəndaşlar tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsini təmin edəcəkdir.

Qeyd olunmuşdur ki, aprel ayından Nazirliyin bir sıra xəzinədarlıq idarələrində xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilmiş və sistemin 2011 -ci il ərzində daha da genişləndirilməsi qərara alınmışdır. Dövlət Xəzinədarlığ Aqentliyinin tam avtomatlaşdırılması büdcə vəsaitlərinin xərclənilməsi prosesinə şəffaflıq gətirməklə yanaşı, büdcə əməliyyatlarının icrasının sürətini və keyfiyyətini artıracaqdır. Müzakirələr zamanı yerli maliyyə orqanlarının mərkəzi aparatın rəqəmsal avtomatlaşdırılmış telefon stansiyası və daxili kompüter şəbəkəsi ilə əlaqələndirməsinə və onun əsasında Nazirliyin vahid daxili telekommunikasiya sistemini yaradılmasına dair təkliflər verilmişdir.

Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı "Dövlət qulluğu haqqında" Qanunda edilmiş dəyişikliklərin tətbiqi barədə məsələlərin müzakirəsi zamanı isə, həmin Qanunun icrası istiqamətində zəruri tədbirlərin görülməsi, Nazirliyin vahid sistemi üzrə müvafiq vəzifə tutan dövlət qulluqçularının yaş həddi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi və ya çalışma müddətinin uzadılması ilə bağlı məsələlərin araşdırılması və qeyd olunan halların tənzimlənməsi məqsədilə daxili prosedur qaydaların hazırlanması Nazirliyin aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinin, yerli bölmələrin və tabeliyində olan digər qurumların rəhbərlərinə tapşırılmışdır.

Kollegiyada bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, o cümlədən hesabat və məlumatların vaxtında və kefiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə yerlərdə olan bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilmişdir.

Xəbər lenti

Xəbər lenti