...

Hidayət Orucov: Azərbaycanda dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib (MÜSAHİBƏ)

Cəmiyyət Materials 20 İyun 2011 13:51 (UTC +04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun Trend-ə müsahibəsi
Hidayət Orucov: Azərbaycanda dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Yeni Azərbaycanımızın yeni qurumlarından biri də bu gün yaranmasının 10 ili tamam olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Qoca tarix və gündən-günə sürətlə inkişaf edən ölkəmizin geniş miqyasında bu, o qədər də böyük təsəvvür yaratmaya bilər. Ancaq beynəlxalq aləmdə dövlət-din münasibətlərinin tənzimlənməsinin vacibliyi, incəliyi və aktuallığı, eyni zamanda deyilənlərin fonunda və əlamətdar tarix ərəfəsində Dövlət Komitəsinin Respublikamızın sosial-siyasi həyatında rolu və vəzifələri barədə ətraflı fikir öyrənmək maraqlıdır. Bu məqsədlə Trend Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla müsahibəni təqdim edir.

- Cənab sədr, icazə verin Sizi və rəhbərlik etdiyiniz qurumun kollektivini ilk yubiley əhval-ruhiyyəsi münasibətilə təbrik edim və uğurlar arzulayım. Bilirik ki, Siz uzun müddət milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışmısınız. Dövlət idarəçiliyi sistemində zəngin təcrübəniz var. Milli məsələlərdə dini dəyərlərin xüsusi çəkisi isə çox böyükdür. Həm bu baxımdan, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi belə bir dövlətçilik institutunun yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Təbrikinizə görə təşəkkür edirəm. Öncə qeyd edim ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olundu, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirildi, konfessiyalar arasında dözumlülük mühiti genişləndirildi, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Beləliklə, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunan dövlət-din münasibətləri ənənəsi formalaşdırılmağa başladı. Çox keçmədi ki, həyat belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi ehtiyacını gündəmə gətirdi. Zaman müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurətini aktuallaşdırdı. Həmin illəri yaxşı xatırlayıram. Bölgədə missionerlik fəaliyyətləri, zərərli dini cərəyanların yayılması, bir sıra ölkələrin öz dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək cəhdləri müşahidə olunurdu. Xarici dövlətlərin ölkəmizdə maraqlarının həyata keçirilməsində din amilindən yararlanmaq istədiklərini qabaqcadan duyan ulu öndər Heydər Əliyev dini məsələlərə böyük uzaqgörənlik və həssaslıqla yanaşaraq, vətəndaşlarımızın dini məsələlərilə yaxından məşğul olacaq mərkəzi icra hakimiyyəti orqanının yaradılmasını vacib saydı. Ona görə də Prezident Heydər Əliyev 21 iyun 2001-ci ildə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı və Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu.
Beləliklə, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılmışdı. Sonradan MDB-nin digər ölkələri, eləcə də bir sıra Avropa ölkələri Azərbaycanın təcrübəsindən yararlanaraq bu tip dövlət qurumları təsis etməyə başlamışdılar.

Qısa formatda şərh etdiyim məsələlər çərçivəsində də aydın görünür ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bilavasitə ulu öndərimizin yadigarıdır.

- On il o qədər də böyük zaman ölçüsü olmasa da, müstəqilliyini yenidən bərpa edən gənc dövlət üçün az da deyil. Dövlət Komitəsi bu yolu necə keçib? Necə deyərlər, "iki beşilliyi" necə xarakterizə edərdiniz?

- Təəssüf ki, Dövlət Komitəsi ilk illərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmədi, hətta çoxlu səhvlərə də yol verdi. Dövlət-din münasibətlərinin tənzimlənməsi, ölkədə din sahəsində mövcud problemlərin aradan qaldırılması, zərərli dini təriqətlərin fəaliyyətlərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilmədi. Dini icmaların qeydiyyatı üçün təqdim olunmuş sənədlərə obyektiv yanaşılmadı, müəyyən maraqlar güdüldü, dindarların fəaliyyətinə süni əngəllər yaradıldı və bu da, öz növbəsində ölkədə dini sabitliyin bərqərar olmasına və dini qurumların fəaliyyətində neqativ halların baş qaldırmasına ciddi mənfi təsir göstərmişdi.

Həmin dövrdə Dövlət Komitəsinin rəhbərliyi mövcud problemləri həll etməkdənsə, görüntü yaratmağa, əsassız ittihamlar irəli sürməyə, sensasiya məqsədi daşıyan müsahibələr verməyə və Qafqaz Müsəlmanları İdarəsinin nüfuzunu aşağı salmağa çalışırdı. Yeni yaranmış Dövlət Komitəsinin kollektivi, əsasən qeyri - mütəxəssislərdən təşkil olunmuşdu və daxildə sağlam işgüzar mühit yaradılmamışdı. Belə olduğu halda hansı səmərəli fəaliyyətdən söhbət gedə bilərdi? Lakin o vaxtlar yol verilmiş ən böyük səhvlərdən biri icmalardan hüquqi ünvan kimi dini ibadət yerlərinin deyil, şəxsi evlərin göstərilməsi tələbi idi. Sonralar bu səriştəsizlik dini fəaliyyət sahəsində ciddi problemlər yaratmışdı...

- Bəs bu gün vəziyyət necədir? Azərbaycanda dövlət-din münasibətlərinin mövcud səviyyəsini necə dəyərləndirərdiniz?

- Öncə qeyd edim ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərində dövlət siyasətini uğurla davam etdirir, onun beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Milli-mənəvi dəyərlərimizin qorunması, tarixi-mədəni abidələrimizin bərpası istiqamətində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü işlər görür.

Son beş ildə Dövlət Komitəsi din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilmiş və onların həllində müsbət nəticələr əldə olunmuşdur. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılmışdır.

Bu gün Dövlət Komitəsində çevik və işlək fəaliyyət mexanizmi mövcuddur. Keçmişdən qalmış problemlər həll olunmuş, ciddi nöqsanlar aradan qaldırılmış, beləliklə, bu sahədə gedən proseslərin dövlət tərəfindən tənzimlənməsində və dini maarifləndirmə işinin aparılmasında yeni mərhələ başlamışdır. Buna görə də bəzi "dindarların" Dövlət Komitəsinin milli-dini adət-ənənələrə qarşı mübarizə apararaq onları cəmiyyət arasından sıxışdırıb çıxarmaq siyasəti apardığı barədə fikir formalaşdırmağa cəhd göstərmələri çox yersiz və ədalətsiz görünür. Qanun çərçivəsində fəaliyyət göstərmək, əsrlər boyu formalaşmış həyat tərzinin, davranış qaydalarının tələbləri ilə yaşamaq həvəsini qoruyub təbliğ etmək nə vaxtdan yanlışlıqdır? Belə dardüşüncəliliklərə rəğmən bütövlükdə vətəndaşımız bizi dəstəkləyir, dünyəvi dəyərlərlə yaşamağa üstünlük verir. Cəmiyyətdə belə bir sağlam mövqenin formalaşmasında Respublikamızın digər qurumları ilə birlikdə Dövlət Komitəsinin də əməyi vardır.

Dini təsisatların qeydiyyatı ilə bağlı müraciətlərə operativ baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Son beş ildə həyata keçirilən əsas tədbirlərdən biri də şəhər və ya rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən Dini işlər üzrə komissiyaların fəaliyyətinin yenidən qurulması olmuşdur. Dövlət Komitəsinin tövsiyəsi ilə yerlərdə yaradılmış həmin komissiyalar yeni iş planına və təlimata uyğun fəaliyyət göstərir və onların digər dövlət orqanları ilə əlaqəli işi uğurla koordinasiya edilir.

Dövlət-din münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dini fəaliyyət sahəsindəki mövcud problemlərin həlli yollarının müzakirə olunması məqsədilə yerli İslam və qeyri-islam dini icmalarının, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilir, mətbuata açıqlamalar verilir, dini-milli dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən, dini dəyərlərə xələl gətirən yazıların mətbuatda dərc olunmasının qarşısının alınması üçün müvafiq hökumət və qeyri-hökumət təşkilatları ilə işgüzar münasibətlər yaradılır, birgə konfranslar, "dəyirmi masa"lar, seminarlar keçirilir.

Yeni iş forması kimi 2007-ci ildə Dövlət Komitəsi sədrinin yanında təşkil olunmuş və üzvləri ölkəmızın əsas dini konfessiya rəhbərlərindən ibarət Məşvərət Şurasını qeyd etmək istərdim. Şura müntəzəm olaraq toplaşır, dinlərarası dialoq üslubunda qarşılıqlı anlaşma və hörmət məsələləri müzakirə edilir, din sahəsində sabitliyin təmin olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi barədə məsləhətləşmələr aparılır, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma neqativ təsirlərin aradan qaldırılması istiqamətində iş formaları nəzərdən keçirilir.

Dövlət Komitəsindəki keyfiyyət dəyişikliyini son illər burada aparılan kadr siyasəti ilə də əlaqələndirərdim. Belə ki, əsasən yerli ali təhsil müəssslərində ilahiyyatçı ixtisasına yiyələnmiş mütəxəssislər, dinşünaslar işə cəlb olunmuş, etimadı doğruldan, yüksək dini biliyə malik mütəxəssislərin dövlət qulluqçusu kimi formalaşması üçün lazımi şərait yaradılmışdır. Dövlət Komitəsində gənc mütəxəssislərin nisbəti xeyli artırılmışdır. Başqa sözlə desək, ştat vahidi 40-dan 85 nəfərə çatdırılmış, 23 nəfər ilahiyyatçı, 6 filoloq, 4 tarixçi, 3 hüquqşünas, 2 regionşünas, həmçinin politoloq, fəlsəfəçi, jurnalist, tərcüməçi və başqa zəruri ixtisaslar üzrə mütəxəssislər Dövlət Komitəsinə işə qəbul olunmuşdur. Bu işin davamlılığı və perspektivini nəzərə alaraq, ölkədə ali dini təhsilli mütəxəssislərin məlumat bankının yaradılması məqsədilə müvafiq tədbirlər görülmüş, onların bilik səviyyəsinin yüksəldilməsi üçün ali dini təhsil müəssisələri ilə əməkdaşlığa başlanılmışdır.

Dövlət Komitəsinin hazırkı maddi-texniki bazasının möhkəmləndirilməsi isə xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqəti ilə Dövlət Komitəsinin inzibati binasında əsaslı təmir işləri aparılmış, əməkdaşlar üçün komfortlu iş şəraiti yaradılmış, yeni avadanlıq və inventarlarla təmin olunmuşdur.

Beləliklə, Dövlət Komitəsinin fəaliyyətinin təhlili deməyə əsas verir ki, davamlı dövlət dəstəyi nəticəsində görülmüş işlər respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsinə və daha sivil formalar almasına təkan vermişdir.

- Söhbətimiz zamanı Siz dini maarifləndirmə məsələlərinə də toxundunuz. Bu barədə bir qədər geniş məlumat almaq mümkündürmü? Dövlət Komitəsinin maarifçilik formatı hansı tədbirləri əhatə edir?

- Dövlət Komitəsi maarifçilik işini onun klassik variantında qəbul etmir. Müasir dövr daha informativ bazalı və operativ formatlı elmi-kütləvi ünsiyyət tələb edir. Öncə qeyd edim ki, ölkə ictimaiyyətini maraqlandıran, narahat edən bütün aidiyyəti məsələlərə operativ şəkildə açıqlamalar verməyi bu işin vacib üsulu hesab edirik. KİV-in bütün texniki imkanlarından istifadə edərək daxildə din nəbzini duymaq və vacib məsələlərə vaxtında mətbu sözlə münasibət bildirmək bizim həm də vəzifə borcumuzdur. Bütün bunlar Dövlət Komitəsinin fəaliyyətində ən çox önəm verilən məsələlərdir. Digər tərəfdən əhali arasında maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi məqsədilə 2007-ci ildən başlayaraq Dövlət Komitəsinin Mərkəzi Aparatında görkəmli elm və ictimai xadimlərin iştirakı ilə əməkdaşlar üçün aktual mövzularda seminarlar keçirir, bu işin davamı kimi şəhər və rayonlarımızda icra hakimiyyəti orqanları ilə birgə yerli dindarlar və ziyalılar üçün seminar-treninqlər keçiririk. Bu seminar-treninqlərin təşkilində əsas məqsədimiz dövlət-din münasibətlərinin qanunvericilik bazasını əhali arasında hərtərəfli izah etmək, dinin mədəniyyət göstəricisi olmasını yaymaqdır. Bu işin ən önəmli tərəfi odur ki, tədbirlərimiz canlı keçir, iştirakçılara şərait yaradılır ki, onları maraqlandıran suallara birbaşa mütəxəssisdən, dövlət məmurundan cavab alsınlar. Onların arzu və istəkləri, şikayətləri dinlənilir və müvafiq qərarlar qəbul olunur. Məlumat üçün bildirim ki, indiyədək respublikanın bütün bölgələrində ümumilikdə 460 seminar-treninq keçirilmişdir.
Həmçinin qeyd edim ki, bu istiqamətdə aparılan işlər təkcə dini icmaları, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarını deyil, cəzaçəkmə müəssisələrini, orta və ali təhsil məktəblərini, dini təhsil müəssisələrini də əhatə etmişdir.
Dini maarifçilik işinin yüksəldilməsində önəmli məsələlərdən biri də Azərbaycan cəmiyyətinin və dövlətinin maraqlarına cavab verən sahə qəzet və jurnallarının nəşridir. Bu istiqamətdəki işlərimizin səmərəliliyini artırmaq üçün xüsusi fəaliyyət qaydaları ışlənib hazırlanmış, "Dövlət və Din" jurnalının, "Cəmiyyət və Din" həftəlik qəzetinin nəşrinə başlanılmışdır. Dinşünas alimlər, şərqşünas, ərəbşünas və fəlsəfə üzrə mütəxəssislər, politoloqlar və din xadimləri bizim daimi müəlliflərimizdir. Ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, dinlərin tarixi və mahiyyəti, dinlərarası və mədəniyyətlərarası dialoq, aktual sosial mövzular buradakı məqalələrin əsasını təşkil edir.

- Məlumdur ki, hər hansı bir ölkənin daxilində dini durumda gərginlik yaratmaq üçün təsir üsullarından biri də radikal mahiyyətli ədəbiyyatın əhali arasında yayılmasından ibarətdir. Hərdən mətbuatda belə informasiyaya da rast gəlinir ki, Respublikamızın hansısa şəhər, rayon, yaxud qəsəbəsində qanunsuz dini ədəbiyyat müsadirə olunub. Söhbətin nədən getdiyini açıqlaya bilərdinizmi? Ümumiyyətlə, dini təyinatlı ədəbiyyatın ekspertizası, ölkəyə idxalı, nəşri və satışı sahəsində vəziyyət necədir?

- "Dini etiqad azadlığı haqqında" Qanunun 22-ci maddəsinə əsasən, vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə bilərlər. Eyni zamanda, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması da mümkündür. Lakin dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər bunu Dövlət Komitəsinin razılığı ilə etməlidirlər. Həmçinin, nəzərə alınmalıdır ki, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız Dövlət Komitəsinin razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilə bilər. Dövlət Komitəsi Qanunun bu tələbini nəzərə alaraq, "Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında" Təlimat hazırlamış və o, hüquqi sənəd kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Bizim üçün dini fəaliyyət sahəsində digər məsələlərdə olduğu kimi, bu məsələdə də qanunvericiliyin bütün tələblərinə əməl edilməsi prinsipial məqamdır.

Dövlət Komitəsinin fəaliyyətində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dini ədəbiyyatın ekspertizası, zərərli kitabların istehsalı, ölkəyə idxalının və yayılmasının qarşısının alınmasıdır. Son illər qeyri-qanuni yollarla dini ədəbiyyatın respublikaya idxalının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilmiş, çoxlu sayda zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsinin və yayılmasının qarşısı alınmışdır.

Əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Dövlət Komitəsində ekspertizadan keçirilmiş dini kitablar arasında zərərli dini ədəbiyyatın sayının azalması da təsdiqləyir. Əvvəlki illərlə müqayisədə son iki ildə ekspertizaya təqdim olunmuş dini kitabların sırasında zərərli dini ədəbiyyata daha az rast gəlinir. Bütün bunlar onu deməyə əsas verir ki, qeyri-ənənəvi dini təriqətlər və radikal qruplar zərərli dini ədəbiyyatın ölkədə yayılmasının qeyri-mümkünlüyü qənaətinə gəlmişlər.

Ümumilikdə, 2006-2011-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 7250 adda dini ədəbiyyat ekspertizadan keçirilmiş, 6280 adda 1274967 nüsxə kitabın idxalına razılıq verilmiş, dini dözümsüzlüyü və digər zərərli meyilləri təbliğ edən 970 adda, 76238 nüsxə kitabın ölkəyə gətirilməsinin və yayılmasının qarşısı alınmışdır.

Eyni zamanda, Dövlət Komitəsində ölkədə fəaliyyət göstərən aparıcı nəşriyyatların rəhbərləri ilə görüşlər keçirilmiş və zərərli dini ədəbiyyatın nəşr olunub yayılmasının qarşısının alınması məqsədilə əlaqəli fəaliyyətlə bağlı məsələlər müzakirə olunmuşdur.

- Məlumdur ki, Dövlət Komitəsi ilə təmasda olan vətəndaşlarımızın çox böyük hissəsi dindarlardır - cəmiyyətimizin ən həssas sosial qrupudur. Onlarla işin təşkili barədə də Sizinlə danışmaq istərdik. Ümumiyyətlə, Dövlət Komitəsində "vətəndaş və dövlət qurumu" münasibətləri, vətəndaş müraciətlərinə münasibət hansı səviyyədədir?

- Dindar vətəndaşlarımız bizə tez-tez müraciət edirlər. Bir sözlə, Dövlət Komitəsinin qapısı hamının üzünə açıqdır. Vətəndaşımız bizə zəng edir, məktub yazır, şəxsən qəbula gəlib rəhbər işçilərlə görüşür, niyyətini açıqlayır, məsləhətlər alır, təkliflər verir, ümumiyyətlə, onları narahat edən qayğıları bizimlə bölüşürlər. Dövlət Komitəsində vətəndaşla iş məhz humanist və işgüzar müstəvidə qurulmuşdur. Ümumiyyətlə, kargüzarlıq işləri, ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn məqsəd və vəzifələrimizin vaxtında və yüksək səviyyədə icra olunmasına xüsusi diqqət yetirilir. Əvvəllər Dövlət Komitəsinə ildə orta hesabla 400-dək məktub daxil olardısa, hazırda bu rəqəm 2 600-ü ötüb keçmişdir. Bizə müraciət edənlərin sayı dəfələrlə artmışdır. Bu dinamika son beş ildə xüsusilə aydın hiss olunur. Vətəndaşlar Dövlət Komitəsinə əsasən bu məsələlər barədə müraciət edirlər: dini icmanın təkrar və yenidən qeydiyyata alınması, dini ədəbiyyat və əşyaların satışı mağazalarının açılması, həcc ziyarəti, yeni məscidlərin tikintisi, ziyarətgahların fəaliyyəti, dini ədəbiyyatın nəşri, ekspertiza məsələləri, dini mərasimlərin və ayinlərin qeyd olunma formaları və s. Bizə edilən hər müraciət diqqətlə öyrənilir, müvafiq qaydada və vaxt hüdudunda həll olunur, bir sözlə, heç bir müraciət diqqətdən kənarda qalmır və mütləq cavablandırılır. Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məktublar, müraciətlər isə baxılmaq üçün aidiyyəti qurumlara göndərilir. Mübahisəli məqamlar yarananda isə əməkdaşlarımız müvafiq araşdırmalar apararaq, məsələnin həllinə çalışırlar.

Böyük-kiçikliyindən asılı olmayaraq, bütün məsələlərdə dövlətimizin mənafeyi, qanunlarımızın aliliyi ön plana çəkilir.

- Dövlət Komitəsinin digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığı hansı səviyyədədir? Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

- Dövlət Komitəsi fəaliyyətində xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir. Qısa müddətdə dini fəaliyyət sahəsində qarşılıqlı işgüzar münasibətlərin qurulması məqsədilə Türkiyə Respublikası, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt Dövləti və digər ölkələrin müvafiq qurumları ilə əlaqələr yaradılmışdır. Hazırda müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlığımız davam etdirilir, təcrübə mübadiləsi aparılır.

Ölkəmizdə akkreditə olunmuş ölkələrin diplomatik korpusları ilə də işgüzar münasibətlər qurulmuşdur. Zərurət yarandıqca səfirlərlə görüşür, hər iki tərəfi maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparırıq. Görüşlərimizdə xarici ölkələrdə yaşayan soydaşlarımızın vicdan azadlığının təmin olunması məsələlərinin təmin edilməsini diqqətə çatdırırıq. Əcnəbi diplomatları Dövlət Komitəsində təşkil olunan "dəyirmi masa"lara, konfranslara dəvət edirik. Həmçinin, bizim rəhbər işçilərimiz və əməkdaşlarımız xarici ölkələrdə keçirilən beynəlxalq görüş və konfranslarda fəal iştirak edirlər.

Ümumiyyətlə, biz istər daxildə, istərsə də xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirakımıza Respublikada mövcud yüksək tolerantlıq ənənələrinin geniş təbliği vasitələrindən biri kimi yanaşırıq. Ona görə də Dövlət Komitəsi fəaliyyətində beynəlxalq konfransların keçirilməsinə, bu tipli tədbirlərdə iştiraka xüsusi diqqət yetirir. Bu istiqamətdə fikrimi inkişaf etdirərək Azərbaycan gerçəkliklərinin təbliği məqsədilə 3-4 aprel 2007-ci ildə dövlət və elm adamlarının, ictimai xadimlərin, dindarların iştirakı ilə "Gülüstan" sarayında "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfrans üzərində xüsusi dayanmaq istərdim. Burada Azərbaycan xalqının zəngin mənəvi irsinin qorunması, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsi və Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti barədə məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdı. Böyük əks-səda doğuran, xarici kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən və barəsində geniş məqalələr dərc edilən həmin beynəlxalq konfransın materialları Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdu.

Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi, Konrad Adenauer və Almaniya-Azərbaycan fondlarının təşkilatçılığı ilə 3 iyun 2008-ci ildə Berlin şəhərində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda başqa bir konfrans da keçirilmişdir. Orada mənim, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Almaniya Ruhanilər Konfransı Fəaliyyət Yerinin icraçı katibi Peter Hünzelerin, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinin, Bakı şəhər Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilovun, Bundestaqın və Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin üzvü Aksel Fişerin və Bonn Universitetinin professoru, azərbaycanşünas alim Eva Mariya Auxun məruzələri dinlənilmişdi.

2009-cu ilin noyabr ayının 6-7-də isə Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfransın miqyası xüsusilə geniş olmuşdu. Həmin konfransda 4 qitədən, 31 ölkədən, 8 beynəlxalq təşkilatdan 167 qonaq iştirak etmişdi. Tədbirdə dinlərarası dialoqun əhəmiyyəti, ölkəmizin bu sahədə qabaqcıl təcrübəyə malik olması xüsusi vurğulanmış və müxtəlif dinləri təmsil edən din xadimləri arasında əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdu. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 illiyi və şeyxülislamlıq fəaliyyətinin 30 illiyi münasibətilə keçirilən bu konfrans da ictimaiyyət tərəfindən yüksək hörmətlə qarşılanmışdı.

Xüsusi olaraq diqqətə çatdırılması zəruri hesab edilən böyük tədbirlərdən biri də 2010-cu il aprel ayının 26-27-də Bakıda keçirilmiş "Dini liderlərin ümumdünya sammiti"dir. Sammit Rus Pravoslav Kilsəsinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilsə də, onun keçirilməsini və maliyyələşdirilməsini Azərbaycan Respublikasının hökuməti öz üzərinə götürmüşdü.

2010-cu ilin iyun ayının 18-19-da Londonda Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Lordlar Palatasının və Azərbaycanın Böyük Britaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə "Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli" mövzusunda konfrans təşkil edilmişdi. Dini konfessiyaların rəhbərlərinin iştirakı ilə keçirilən konfrans münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə imkanlarının nəzərdən keçirilməsinə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yollarının müzakirəsinə həsr olunmuşdu.

Bu il BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq "Dünya etiqadlararası həmahənglik həftəsi" Azərbaycanda geniş qeyd edilmişdir. Tədbirlər çərçivəsində 4 fevral 2011-ci ildə Dövlət Komitəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda "dəyirmi masa" keçirmişdir. Ölkədə fəaliyyət göstərən konfessiya nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə hökumət nümayəndələri, millət vəkilləri və elm adamları qatılmışdılar.
2011-ci ilin mart ayının 17-də Brüsseldə Avropa Parlamentində "Avropa İttifaqı - Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq" mövzusunda təşkil olunmuş konfrans da əlamətdar hadisə kimi yadda qalmışdır. Konfransda Avropa Parlamentinin üzvləri, yerli dini konfessiyaların rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak etmişdilər.

7-9 aprel 2011-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda isə Dövlət Komitəsi yaxından iştirak etmiş, müvafiq panel iclasının təşkilində və aparılmasında əsas rol oynamışdır.

Bütün bunlar barədə ona görə belə ətraflı məlumat verirəm ki, Azərbaycan gerçəkliklərinin beynəlxalq aləmdə təbliği və ölkəmizin nüfuzunun dünya dövlətləri arasında artırılması baxımından bu cür tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Buna görə də biz bu istiqamətdə işimizi müxtəlif təşəbbüslərlə davam etdirəcəyik.
Ümumiyyətlə, bir daha vurğulamaq istərdim ki, Dövlət Komitəsi onun yaradılması haqqında Ulu Öndərin 2001-ci ilin iyun ayının 21-də imzaladığı 512 saylı tarixi Fərmanda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.

- Cənab sədr, Dövlət Komitəsinin yaranmasının 10 illiyini necə qeyd edəcəksiniz? Xoş əhval-ruhiyyə hiss olunurmu?

- Öncə qeyd edim ki, on illik gününə Fəxri xiyabanda ulu öndərin qəbrinin ziyarəti ilə başlayacaq, Şəhidlər xiyabanına gedəcək, sonra isə Dövlət Komitəsinin akt zalında respublikamızda fəaliyyət göstərən dini mərkəz və dini icma rəhbərlərinin iştirakı ilə tədbir keçiriləcəkdir. Bildiyiniz kimi Prezidentimizin müvafiq sərancamı ilə əməkdaşlarımızdan üç nəfər "Tərəqqi" medalı, digər üç işçimiz isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif etmişdir. Belə bir yüksək diqqətə görə dövlət başçısı İlham Əliyevə kollektivimiz adından təşəkkürümüzü bildirirəm. Ümumiyyətlə isə, tədbirimizi təvazökar formada qeyd edəcəyik.

Xəbər lenti

Xəbər lenti