...

Azərbaycanda rus bölməsinin abituriyentləri üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 İyun 2011 13:14 (UTC +04:00)
Azərbaycanda rus bölməsinin abituriyentləri üçün iyunun 26-da "Azərbaycan dili" fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb.
Azərbaycanda rus bölməsinin abituriyentləri üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda rus bölməsinin abituriyentləri üçün iyunun 26-da "Azərbaycan dili" fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bazar ertəsi Trend-ə bildirib ki, imtahan nəticələri www.tqdk.gov.az saytında yerləşdirilib.

"Azərbaycan dili" fənnindən test imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilib. İmtahanın nəticəsinə görə, "məqbul" alan abituriyentlər 2011-2012-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarına buraxılacaqlar.

İmtahanda iştirak etmək hüququ olan 2541 abituriyentdən 1994-ü imtahanda iştirak edib, 547-si isə imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərin 936-sı "məqbul" qiymət alıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilib.

İyunun 26-da keçirilən imtahanda iştirak edən abituriyentlərdən 1572-si mayın 22-də keçirilmiş imtahandan "qeyri-məqbul" qiymət alanlar, qalanları isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir.

Ümumilikdə imtahanda iştirak edən abituriyentlərin 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.

İmtahanda abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilib.

Azərbaycanda ali məktəblərə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri "Azərbaycan dili" fənnindən imtahan verməlidirlər. Bu imtahanı verməyən və ya ondan "qeyi-məqbul" alan abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər.

Rus bölməsinin abituriyentləri üçün bu il "Azərbaycan dili" fənni üzrə ilk imtahan mayın 22-də keçirilib. Bu imtahanda iştirak edən 10 087 abituriyentin 8 696 nəfəri müvəffəqiyyət qazanaraq "məqbul" qiymət alıb. Həmin imtahanda "qeyri-məqbul" qiymət alan abituriyentlərə iyunun 26-da keçiriləcək imtahanda təkrarən iştirak etmək imkanı verilib.

Xəbər lenti

Xəbər lenti