Monqolustan, Ulan-Bator, 29 iyun /Trend, xüsusi müxbir E.Hüseynov/
Ulan-Batorda Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 33-cü və Redaksiya-Texniki Ekspert Qrupunun 27-ci iclası öz işinə yekun vurub.
Forumun son günü fotosərginin yekunları açıqlanıb. Fotosərgidə Yaponiyanın "Kyodo", Monqolustanın "Montsame" və Türkiyənin "Anadolu" agentlikləri qalib olub.
OANA-nın İcraiyyə Komitəsinin 34-cü və Redaksiya-Texniki Ekspert Qrupunun 28-ci iclasının keçirilməsi ilə bağlı məsələ açıq qalıb və sonra müzakirə ediləcək. Bununla yanaşı, Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının 50 illik yubileyinin dekabrın 7-9-da Banqkokda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
İclas çərçivəsində NNA Livan Dövlət Agentliyinin OANA-ya üzvlüyü ilə bağlı sorğusu bəyənilib.
Tədbirdə Azərbaycanı təşkilatın üzvləri olan Trend Beynəlxalq İnformasiya Agentliyi və AzərTAc Dövlət İnformasiya Agentliyi təmsil edib.
İclasın birinci sessiyası çərçivəsində FANA - Ərəb İnformasiya Agentlikləri Federasiyası və OANA arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
OANA 1961-ci il dekabrın 22-də YUNESKO-nun təşəbbüsü ilə Banqkokda Asiya milli agentliklərinin konfransında yaradılıb. Təşkilatın nizamnaməsinə əsasən, OANA-nın məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsini genişləndirmək və sadələşdirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axınında qeyri-bərabərliyin ləğvində iştirakdır.
Təşkilata Asiya və Sakit okean regionunun 33 ölkəsindən 40-dan çox agentlik daxildir.
Təşkilatın üzvləri arasında Rusiyanın İTAR-TASS, Türkiyənin "Anadolu", Yaponiyanın "Kyodo News", Çinin "Xinhua", İranın IRNA, Səudiyyə Ərəbistanının SPA, Koreyanın "Yonhap", Pakistanın PPI və APP, Qazaxıstanın "Kazinform", İndoneziyanın ANTARA və b. agentliklər var.
Trend BİA OANA-ya 2010-cu ilin noyabrında İstanbulda təşkilatın XIV Baş Assambleyasında tamhüquqlu üzv olub